Bu il Azərbaycan Avropaya 11 milyard kubmetrə yaxın qaz ixrac edib

Energetika
  • 13 dekabr, 2023
  • 11:00
Bu il Azərbaycan Avropaya 11 milyard kubmetrə yaxın qaz ixrac edib

Bu ilin yanvar-noyabr aylarında Azərbaycan Avropaya 10,85 milyard kubmetr təbii qaz ixrac edib.

“Report” xəbər verir ki, bu barədə Energetika Nazirliyinin 11 ayı üzrə operativ məlumatlarında deyilir.

Bildirilir ki, 2022-ci ilin eyni dövrü ilə müqayisədə Avropaya qaz satışı 0,55 milyard kubmetr və ya 5,3 % artıb.

Ümumilikdə isə bu ilin 11 ayında Azərbaycandan xaricə qaz satışı 22,05 milyard kubmetr təşkil edib ki, bu, ötən ilin yanvar-noyabr ayları ilə müqayisədə 9 % çoxdur.

Bu müddət ərzində Azərbaycandan Türkiyəyə 8,7 milyard kubmetr, Gürcüstana isə 2,5 milyard kubmetr qaz satılıb. Türkiyəyə qaz ixracı 1,1 milyard kubmetr və ya 14,5 % artıb, Gürcüstana isə 0,3 milyard kubmetr və ya 13,6 % artıb.

Hesabat dövründə Türkiyəyə Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) ilə 5,1 milyard kubmetrə yaxın qaz nəql olunub. Bu da illik müqayisədə 0,1 milyard kubmetr və ya 1,9 % azdır.

Qeyd edək ki, hazırda Azərbaycan qazının Avropanın cənubuna nəql olunduğu Cənub Qaz Dəhlizinin Avropa hissəsi olan Trans-Adriatik Qaz Boru Kəmərinin (TAP) ötürücülük qabiliyyəti ildə 12 milyard kubmetrə çatıb.

TAP-ın tikintisi 2020-ci ilin oktyabrında başa çatıb. Kəmərin ümumi uzunluğu 878 km-dir ki, bunun da 550 km-i Yunanıstanın şimal hissəsindən, 215 km-i Albaniya ərazisindən, 105 km-i Adriatik dənizinin dibi ilə, 8 km-i isə İtaliya ərazisindən keçir.

Azərbaycan qazının TAP vasitəsilə İtaliya, Yunanıstan və Bolqarıstandakı istehlakçılara tədarükü 2020-ci il dekabrın 31-dən başlayıb.

Türkiyəyə Azərbaycanın “Şahdəniz” yatağından hasil edilən təbii qaz nəql olunur. Təbii qaz həcmləri Cənubi Qafqaz Boru Kəməri (Bakı-Tbilisi-Ərzurum) və TANAP vasitəsilə Türkiyə bazarına çatdırılır. Bakı-Tbilisi-Ərzurum kəməri ilə ilk qaz Türkiyə bazarına 2007-ci ildə daxil olub. TANAP vasitəsilə Türkiyəyə kommersiya qazının nəqlinə isə 2018-ci il iyunun 30-da başlanılıb.

Son xəbərlər

Bütün Xəbər Lenti