Bu ilin yanvar-mart aylarında operativ məlumatlara əsasən, Azərbaycanda neft-kondensat hasilatı 7,3 milyon ton, ixracı isə 6 milyon ton olub.
“Report” xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsindəki hesabında bildirib.
Nazir əlavə edib ki, bu dövrdə 400 milyon kubmetr artımla hasil edilmiş 12,6 milyard kubmetr təbii qazın isə 6,4 milyard kubmetri ixrac olunub.
Energetika Nazirliyinin yaydığı məlumatda isə deyilir ki, neft hasilatının 4,2 milyon tonu “Azəri-Çıraq-Günəşli”nin, 1,1 milyon tonu (kondensat) “Şahdəniz”in, 0,14 milyon tonu (kondensat) “Abşeron” yatağının payına düşüb. Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) üzrə neft (kondensatla birlikdə) hasilatı 1,9 milyon ton təşkil edib.
Hesabat dövründə neft ixracının isə 5,2 milyon tonu konsorsiumun, 0,8 milyon tonu isə SOCAR-ın payına düşüb.
“Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən 2024-cü il aprelin 1-nə qədər 634,5 milyon ton neft (kondensatla birlikdə) hasil edilib. “Azəri-Çıraq-Günəşli”dən 588,9 milyon ton neft, “Şahdəniz”dən isə 45,6 milyon tona yaxın kondensat çıxarılıb. Bunun 632,5 milyon tonu ixraca nəql edilib.
I rübdə neft emalı 1,6 milyon tona yaxın təşkil edib.
Hazırda Azərbaycandan Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə "Azəri-Çıraq-Günəşli" yataqlar blokundan hasil edilən neft və "Şahdəniz" yatağından hasil edilən kondensat nəql olunur. Bundan əlavə, boru kəməri ilə Türkmənistan və Qazaxıstandan neft nəql edilir.
Təbii qaz həcmləri Cənubi Qafqaz Boru Kəməri (Bakı-Tbilisi-Ərzurum) və Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) vasitəsilə Türkiyə bazarına çatdırılır. Bakı-Tbilisi-Ərzurum kəməri ilə ilk qaz Türkiyə bazarına 2007-ci ildə daxil olub. TANAP vasitəsilə Türkiyəyə kommersiya qazının nəqlinə isə 2018-ci il iyunun 30-da başlanılıb. Türkiyəyə Azərbaycanın “Şahdəniz” yatağından hasil edilən təbii qaz nəql olunur.