Bu il AÇG-dən hasilat 6 %-dən çox azalıb

Energetika
  • 02 noyabr, 2023
  • 09:24
Bu il AÇG-dən hasilat 6 %-dən çox azalıb

Bu ilin üçüncü rübü üçün Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq və Dərinsulu Günəşli” (AÇG) yataqlar blokundan hasilat azalıb.

“Report” xəbər verir ki, bu barədə blokun operatoru “BP-Azerbaijan” şirkətinin tərəfdaşlarla birgə bu ilin üçüncü rübü üzrə biznesə dair yaydığı məlumatda qeyd edilib.

Məlumata görə, üçüncü rüb üçün AÇG-dən ümumi hasilat – “Çıraq” (23 000), “Mərkəzi Azəri” (96 000), “Qərbi Azəri” (89 000), “Şərqi Azəri” (59 000), “Dərinsulu Günəşli” (67 000) və “Qərbi Çıraq” (34 000) platformalarından birlikdə – gündə orta hesabla 368 000 barel və ya ümumilikdə təxminən 100 milyon barel, yəni 14 milyon ton olub.

Bu ilin üçüncü rübündə AÇG üzrə hasilat ötən ilin müvafiq dövründən 1 milyon ton və 6,67 % az olub.

Üçüncü rübün sonunda AÇG-də ümumilikdə 136 neft hasilat quyusu, 45 su injektor quyusu və 8 qaz injektor quyusu istismarda olub. Bu ilin ilk üç rübü ərzində AÇG-də 6 neft hasilatı və 5 su injektoru və 1 qaz injektoru quyusu tamamlanıb.

Xatırladaq ki, AÇG Azərbaycanın ən böyük neft yatağı blokudur. Yataqlar blokunun işlənməsi üzrə hasilat bölgüsünə dair ilk müqavilə 1994-cü ilin 20 sentyabr tarixində imzalanıb. 2017-ci ilin 14 sentyabr tarixində isə həmin yataqların birgə istismarına və hasilatın pay bölgüsünə dair yeni saziş imzalanıb. Bu saziş yataqların 2049-cu ilin sonunadək işlənməsini nəzərdə tutur.

AÇG-də BP (30,37 %), SOCAR (25,0 %), “MOL Group” (9,57 % 16 aprel 2020-ci il tarixindən “Chevron” şirkətini əvəz edib) INPEX (9,31 %), “Equinor” (7,27 %), “ExxonMobil” (6,79 %), TPAO (5,73 %), ITOCHU (3,65 %), “ONGC Videsh Limited” (OVL) (2,31 %) pay sahibidir.

Son xəbərlər

Bütün Xəbər Lenti