BP “Səngəçal” terminalının elektrik təchizatının etibarlılığını artırmaq üçün sinxron həllər tətbiq edir

BP “Səngəçal” terminalının elektrik təchizatının etibarlılığını artırmaq üçün sinxron həllər tətbiq edir Britaniyanın enerji şirkəti BP, Səngəçal terminalının elektrik təchizatının etibarlılığını artırmaq və enerji şəbəkəsindəki kəsintilərlə bağlı riskləri minimuma endirmək məqsədilə sinxron texniki həllər üzərində çalışır.
Energetika
7 aprel 2025 17:07
BP “Səngəçal” terminalının elektrik təchizatının etibarlılığını artırmaq üçün sinxron həllər tətbiq edir

Britaniyanın enerji şirkəti BP, Səngəçal terminalının elektrik təchizatının etibarlılığını artırmaq və enerji şəbəkəsindəki kəsintilərlə bağlı riskləri minimuma endirmək məqsədilə sinxron texniki həllər üzərində çalışır.

“Report” xəbər verir ki, bunu BP-nin Azərbaycan-Gürcüstan-Türkiyə (AGT) regionu üzrə baş maliyyə meneceri Ayla Əzizova Bakıda keçirilən “Daha ‘yaşıl’ gələcəyə doğru innovativ yollar: Bərpa olunan enerji və emissiyaların azaldılması” mövzusunda tədbirdə çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, terminalın elektrik enerjisi ilə təminatında hazırda istifadə olunan qaz turbinlərindən imtina edilməsi və xarici enerji mənbələrinə keçid yeni sistemlərin tətbiqini tələb edir: “Bu sistemlər fasiləsiz iş rejimini təmin etməlidir”.

“Xüsusilə terminalın milli elektrik şəbəkəsinə qoşulması istiqamətində aparılan işlərimizi flaqman layihələr adlandırmaq olar. Burada əsas sual budur: elektrik enerjisinin verilişi dayansa, terminalın fəaliyyəti dayanacaqmı? Məhz bunun qarşısını almaq üçün biz etibarlılığı təmin edən çoxpilləli yanaşma tətbiq edirik”, - deyə A. Əzizova qeyd edib.

Onun sözlərinə görə, etibarlılığın ilk səviyyəsi "n-2" prinsipi əsasında qurulacaq: “Bu prinsipə görə, terminal eyni anda iki müstəqil elektrik xəttinə qoşulu olacaq. Bu xətlərdən biri daim ehtiyatda saxlanılacaq. Əgər əsas xətdə nasazlıq yaranarsa və ya texniki xidmət tələb olunarsa, ehtiyat xətt avtomatik olaraq enerji təminatını üzərinə götürəcək”.

Etibarlılığı təmin edən ikinci mərhələ isə enerji sistemindəki qısa müddətli fasilələri kompensasiya etməyə imkan verən sinxron texniki həllin tətbiqidir.

“Əgər şəbəkədə gərginlikdə sıçrayış və ya qəfil düşmə baş verərsə, avtomatik olaraq operativ ehtiyat sistemi işə düşür. Bu sistem əsas mənbədən enerji bərpa olunana qədər – saniyənin mində bir hissəsi qədər bir vaxt ərzində – terminalın fasiləsiz işləməsini təmin edir. Bu da qısa müddətli kəsintilər zamanı belə elektrik enerjisinin sabit və etibarlı şəkildə verilməsinə imkan yaradır”, - deyə Ayla Əzizova vurğulayıb.

Qeyd edək ki, BP bu texniki həlli sənaye obyektlərində dayanıqlı və ekoloji cəhətdən təmiz enerji təchizatına keçidin bir hissəsi kimi qiymətləndirir.

Son xəbərlər

Orphus sistemi