BP “Şahdəniz” yatağından qaz hasilatını artırıb

Energetika
  • 13 fevral, 2025
  • 08:40
BP “Şahdəniz” yatağından qaz hasilatını artırıb

2024-cü ildə “BP-Azərbaycan” şirkəti “Şahdəniz” yatağından 28 milyard kubmetr qaz hasil edib ki, bu da 2023-cü ilin göstəricisindən 7,7 % çoxdur.

Bu barədə "Report" “BP-Azerbaijan” şirkətinin tərəfdaşları adından 2024-cü il üzrə açıqladığı hesabata istinadən xəbər verir.

Hesabat dövründə “Şahdəniz” yatağından təxminən 35 milyon barel kondensat (4 milyon tondan çox) hasil edilib ki, bu da 2023-cü ilin göstəricisinə uyğundur.

“Hazırda yatağın hasilat gücü gündəlik təxminən 79 milyon kubmetr və ya ildə təxminən 29 milyard kubmetrdir”, - məlumatda bildirilib.

“Şahdəniz” konsorsiumunun 2024-cü ildə yatağın işlənməsi çərçivəsində xərcləri 3,8 % və ya 2,969 milyard ABŞ dollarına qədər azalıb. Eyni zamanda, istismar xərcləri 2,203 milyard ABŞ dollarından çox (artım 0,4 %), əsaslı xərclər 766 milyon ABŞ dolları (azalma 14,1 %) təşkil edib.

Xərclərin əsas hissəsi “Şahdəniz” yatağının işlənməsinin 2-ci mərhələsi çərçivəsində görülən işlərin payına düşüb.

"Şahdəniz" perspektiv sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş 1996-cı il iyunun 4-də imzalanıb. “Şahdəniz” üzrə iştirak payları belədir: BP (texniki operator – 29,99 %), “Lukoil” (19,99 %), TPAO (19 %), “Cənub Qaz Dəhlizi” (16,02 %), NICO (10 %) və MVM (5 %).