BP ilin birinci yarısında “Şahdəniz” yatağında qaz hasilatını artırıb

Energetika
  • 01 avqust, 2024
  • 11:12
BP ilin birinci yarısında “Şahdəniz” yatağında qaz hasilatını artırıb

Bu ilin birinci yarısında “BP-Azərbaycan” şirkəti “Şahdəniz” yatağından 14 milyard kubmetr qaz hasil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 7,7 % çoxdur.

Bu barədə "Report"a şirkətin mətbuat xidmətindən məlumat verilib.

Qeyd edilən dövrdə “Şahdəniz” yatağından təxminən 18 milyon barel kondensat (2 milyon tondan çox) hasil edilib ki, bu da keçən ilin eyni dövrü ilə müqayisədə dəyişməz olaraq qalıb.

“Hazırda yatağın hasilat gücü gündəlik təxminən 80,7 milyon kubmetr və ya ildə təxminən 29,5 milyard kubmetrdir”, - şirkətdən bildirilib.

“Şahdəniz” konsorsiumunun 2024-cü ilin birinci yarısında bu yatağın işlənməsi çərçivəsində xərcləri 1 milyard 658 milyon ABŞ dolları (2,6 % çox) təşkil edib. Eyni zamanda, layihənin istismar xərcləri 1 milyard 251 milyon ABŞ dolları, əsaslı xərcləri isə 407 milyon ABŞ dollarını ötüb. Xərclərin əsas hissəsi “Şahdəniz” yatağının işlənməsinin 2-ci mərhələsi çərçivəsində görülən işlərin payına düşüb.

Şirkətdən, həmçinin hesabat dövründə Cənubi Qafqaz Boru Kəməri ilə gündəlik orta hesabla 63,1 milyon kubmetr (2023-cü ilin yanvar-iyun aylarında – gündəlik 60,7 milyon kubmetr) qaz nəql edildiyi bildirilib. 2024-cü ilin yanvar-iyun aylarında Cənubi Qafqaz Boru Kəmərinin əməliyyat xərcləri 37,3 milyon ABŞ dolları, əsaslı xərclər 8 milyon ABŞ dolları təşkil edib.

"Şahdəniz" perspektiv sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş 1996-cı il iyunun 4-də imzalanıb. "Şahdəniz" üzrə hasilatın pay bölgüsü (PSA) sazişi 17 oktyabr 1996-cı ildə ratifikasiya olunub. Bakıdan 70 km cənub-şərqdə yerləşən yataq 1999-cu ildə kəşf olunub.

“Şahdəniz” üzrə iştirak payları belədir: BP (operator – 29,99 %), “Lukoil” (19,99 %), TPAO (19 %), NİKO (10 %), “Cənub Qaz Dəhlizi” (21,02 %).

Son xəbərlər

Bütün Xəbər Lenti