Bolqarıstan Azərbaycandan əlavə qaz ala bilər
- 01 mart, 2022
- 10:33
Bolqarıstan Yunanıstanın qazpaylayıcı operatoru olan DESFA tərəfindən idarə olunan Revitussa mayeləşdirilmiş təii qaz (LNG) terminalında tutum ehtiyatı tələbi ilə müraciət edib.
“Report”un Bolqarıstan mətbuatına istinadən verdiyi məlumata görə, buna səbəb Rusiyadan nəql olunan təbii qazın tədarükündə fasilələr yarandığı təqdirdə təbii qazın həcmini təmin etməkdir.
Bildirilir ki, Yunanıstan bazarına planlaşdırılan LNG tədarükü mövcud enerji ehtiyatları ilə birlikdə ölkənin ehtiyaclarını ödədiyi üçün müraciət müsbət qarşılanıb.
Yunanıstanın qaz sistemi Rusiya təbii qazının Yunanıstana idxal nöqtəsi olan Sidirokastroda Bolqarıstan sistemi ilə bağlıdır və burada Bolqarıstana tədarüklər üçün əks cərəyan axını ehtimalı da var.
Mənbə bildirir ki, Azərbaycandan təbii qazı Türkiyə və Yunanıstan vasitəsilə Avropaya daşıyan Trans-Adriatik Qaz Boru kəmərindən (TAP) əlavə təbii qaz tələbinə ilkin müsbət cavab mövcuddur.
Yunanıstanın ətraf mühit və energetika naziri Kostas Skrekas böhranla mübarizə qrupunun iclasından sonra bildirib ki, Yunanıstanın şimalından keçən TAP qaz kəmərindən təbii qazın həcmini artırmaq mümkündür.
Xatırladaq ki, Trans-Adriatik Qaz Boru Kəməri Xəzər dənizinin Azərbaycan sektorundakı nəhəng “Şahdəniz” yatağından təbii qazı Avropaya daşıyır. 878 km-lik boru kəməri Türkiyə-Yunanıstan sərhədində, Kipoidə Trans-Anadolu Boru Kəmərinə birləşir, Yunanıstan, Albaniya və Adriatik dənizindən keçərək İtaliyanın cənub sahillərinə çatır.
TAP perspektivdə tikiləcək interkonnektorlar vasitəsi ilə Cənub-Şərqi Avropa ölkələrinə qaz tədarükünü stimullaşdıra bilər. Misal üçün Bolqarıstan təbii qaza tələbatının 33 %-ni TAP vasitəsilə təmin edərək təchizat təhlükəsizliyini gücləndirməyə qadir olacaq. Bu da, öz növbəsində, ölkədə təbii qazın nüfuz dairəsini artıracaq. TAP-ın Yunanıstan və Albaniya ərazisində, habelə İtaliyadakı çıxış nöqtələri Azərbaycan qazının digər Avropa ölkələrinə nəqli üçün də imkanlar açır.
Cənub Qaz Dəhlizinin sonuncu seqmenti kimi, Avropanın yeni təbii qaz mənbəyinə etibarlı çıxışını təmin edən və strateji əhəmiyyət daşıyan TAP Avropanın enerji təhlükəsizliyinin möhkəmlənməsində, tədarükün şaxələndirilməsində mühüm rol oynayır, həmçinin dekarbonizasiya məqsədlərinə xidmət edir.
"Şahdəniz" perspektiv sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş 1996-cı il iyunun 4-də imzalanıb. "Şahdəniz" üzrə hasilatın pay bölgüsü (PSA) sazişi 17 oktyabr 1996-cı ildə ratifikasiya olunub. Bakıdan 70 km cənub-şərqdə yerləşən yataq 1999-cu ildə kəşf olunub.
Layihədə BP (operator – 28,8 %), AzSD (10 %), "SGC Upstream" (6,7 %), "LUKoil" (10 %), "Petronas" (15,5 %), NICO (10 %) və TPAO (19 %) şirkətləri iştirak edir.
Qeyd edək ki, IGB Xəzər dənizinin Azərbaycan sektorundakı "Şahdəniz" qaz kondensat yatağının II mərhələdə istismarı çərçivəsində hasil edilən "mavi yanacağ"ın Bolqarıstana nəqlini nəzərdə tutur. Bu kəmər vasitəsilə Bolqarıstan Azərbaycandan ildə 1 milyard kubmetr təbii qaz idxal edəcək. Belə ki, “Bulgargaz EAD” dövlət şirkəti “Şahdəniz-2” yatağından bu miqdarda qaz almaq üçün "Şahdəniz" konsorsiumu ilə müqavilə imzalayıb. IGB-də tikinti işlərinin bu ilin ikinci yarısında başa çatacağı gözlənilir.
Ümumi uzunluğu 182 kilometr olan boru kəmərinin 150 kilometri Bolqarıstan ərazisindən keçəcək. Kəmərin illik ötürücülük gücü 3-5 milyard kubmetr həcmində nəzərdə tutulur.
Cənub Qaz Dəhlizinin inkişafı çərçivəsində İGB vasitəsilə Cənub-Şərqi və Mərkəzi Avropa ölkələri Xəzər regionundan alternativ tədarüklərə və mayeləşdirilmiş təbii qaz idxal etmək imkanına malik olacaqlar.