Baş vitse-prezident: “MOL Group” AÇG blokunun əlavə resurslarında maraqlıdır"
- 03 iyun, 2025
- 15:36
Macarıstanın MOL şirkəti "Azəri-Çıraq-Günəşli" (ACG) blokunun əlavə resurs potensialında, xüsusilə yatağın neftlə əlaqəsi olmayan və başqa qatlarda yerləşən qaz ehtiyatlarında, həmçinin blokun daxilindəki yaxın strukturlarda maraqlıdır.
"Report" xəbər verir ki, bu barədə “MOL Group”un kəşfiyyat və hasilat üzrə baş vitse-prezidenti Adam Homonnai 30-cu Yubiley Bakı Enerji Forumu çərçivəsində bildirib.
A.Homonnainin sözlərinə görə, şirkət Azərbaycanda mövcudluğunu genişləndirmək imkanlarını fəal şəkildə araşdırır: "Bu yaxınlarda AÇG layihəsində iştirakımızın beş illiyini qeyd etdik. Azərbaycanda kəşfiyyata davamlı marağımız var. Ötən il həmçinin Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə "Şamaxı-Qobustan" sahəsi üzrə kəşfiyyat, işlənmə və hasilat haqqında" anlaşma memorandumu imzaladıq və bu layihəni fəal şəkildə irəlilədirik. Ümid edirəm ki, tezliklə onun həyata keçirilməsinin növbəti mərhələsinə çatacağıq".
Qeyd edək ki, AÇG Azərbaycanın ən böyük neft yatağı blokudur. Yataqlar blokunun işlənməsi üzrə hasilat bölgüsünə dair ilk müqavilə 1994-cü ilin 20 sentyabr tarixində imzalanıb. 2017-ci ilin 14 sentyabr tarixində isə həmin yataqların birgə istismarına və hasilatın pay bölgüsünə dair yeni saziş imzalanıb. Bu saziş yataqların 2049-cu ilin sonunadək işlənməsini nəzərdə tutur.
AÇG-də BP (30,37 %), SOCAR (31,65 %), “MOL Group” (9,57 %) INPEX (9,31 %),“ExxonMobil” (6,79 %), TPAO (5,73 %), ITOCHU (3,65 %), “ONGC Videsh Limited” (OVL) (2,92 %) pay sahibidir.