Azərbaycanda təbii qaza olan daxili tələbat təqribən 14 milyard kubmetr təşkil edir.
"Report" xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov parlamentin martın 17-də keçirilən plenar iclasında hökumətin 2022-ci ildəki hesabatının müzakirəsi zamanı səsləndirilən təkliflərə cavab olaraq deyib.
"Azərbaycan kifayət qədər yüksək qiymətlə qaz idxal edir. Bununla yanaşı özü də ixrac edir. Bu, bazar iqtisadiyyatıdır", - Baş nazir əlavə edib.
Qeyd edək ki, Azərbaycan 2022-ci ildə 1 milyard 016 milyon 423,6 min kubmetr həcmində təbii qaz idxal edib, bu da illik müqayisədə 2 dəfə artım deməkdir. Azərbaycanın idxal etdiyi qazın dəyəri 130 milyon 634,12 min ABŞ dolları təşkil edib, bu da 2021-ci ilin göstəricisi ilə müqayisədə 6,7 dəfə çoxdur.
Azərbaycanın idxal etdiyi qazın böyük hissəsi (84,3%-i) – 857 milyon 066,65 min kubmetr (110 milyon 871,38 min ABŞ dolları) Türkmənistanın, qalan hissəsi isə Rusiya (həcmi - 93 milyon 265,8 min kubmetr, dəyəri – 17 milyon 254,17 min ABŞ dolları) və İranın (həcmi – 66 milyon 091,19 min kubmetr, dəyəri – 2 milyon 508,56 min ABŞ dolları) payına düşüb.
2022-ci ildə Azərbaycan 18 milyard 965 milyon 213,4 min kubmetr qaz ixrac edib ki, bu da 2021-ci ilin göstəricisindən 5,4 % azdır. Bu dövrdə qaz ixracından 14 milyard 989 milyon 675,87 min ABŞ dolları məbləğində gəlir (artım 2,7 dəfə) əldə edilib.
2022-ci ildə ixracın əsas həcmi - 11 milyard 45 milyon 320,12 min ABŞ dolları məbləğində 8 milyard 210 milyon 720,07 min kubmetr qaz (bütün ixracın 43,3 %-i) İtaliyanın payına düşüb. Azərbaycan həmçinin Türkiyəyə, Gürcüstana, Bolqarıstana, Yunanıstana, İrana təbii qaz tədarük edib.