"Bakı-Supsa" kəmərinin bərpası “Azeri Light”ın nəqli hesabına planlaşdırılmır
- 12 iyun, 2024
- 15:45
Azərbaycan "Bakı-Supsa" boru kəməri ilə Qara dənizə özünün “Azeri Light” markalı neftinin nəql edilməsini çox güman bərpa etməyəcək.
“Report”un məlumatına görə, bunu neft sənayesi sektorundakı yüksək vəzifəli mənbə “S&P Global Commodity” nəşrinə bildirib.
Məlumata görə, Azərbaycan Qazaxıstanın ixrac marşrutlarını şaxələndirmək səylərini dəstəkləyərək qazax nefti üçün bu marşrutu təyin edə bilər.
Mənbə bildirib ki, Azərbaycan Xəzər dənizində hasil edilən və istehsala üstünlük verilən yüngül “Azeri Light” növünün nəqli üçün Gürcüstanın Qara dəniz sahilinə "Bakı-Supsa" boru kəmərindən istifadə etməkdə heç bir iqtisadi üstünlük görmür. Mənbə deyirb ki, Azərbaycan üçün böyük üstünlük bu markalı neftin Bakı-Tbilisi-Ceyhan (BTC) əsas boru kəməri ilə Türkiyənin Aralıq dənizi sahillərinə ixracıdır.
Mənbə bildirib ki, BTC-də kifayət qədər imkan var: “BTC vasitəsilə nə qədər çox neft göndərilsə, Azərbaycan üçün bir o qədər sərfəlidir. Təbii ki, Qara dəniz əlavə mürəkkəblik yaradır. Bununla belə, Supsa ilə ixracı bərpa etməmək qərarı Rusiya-Ukrayna müharibəsi ilə bağlı olduğundan daha çox iqtisadi məsələlərlə bağlıdır və Qara dənizdə tələbin azlığını əks etdirir. Ukrayna əvvəllər “Azeri Light” neftindən istifadə edən Qara dəniz ölkələri sırasında idi. Lakin onun əsas istifadəçisi olan “Kremençuk” neft emalı zavodu müharibə nəticəsində ciddi ziyan çəkib”.
Mənbə bildirib ki, Rumıniya və Bolqarıstan kimi ölkələrə neft satmaq əvəzinə, “Azeri Light”ın yüksək keyfiyyətini qiymətləndirən istehlakçılara satmağa üstünlük verilsə yaxşıdır.
Qeyd edək ki, Qazaxıstanın əsas ixrac marşrutu olan Xəzər Boru Kəməri Konsorsiumundan (CPC) asılılığını azaltmaq istəyi ilə Azərbaycan BTC boru kəməri ilə Qazaxıstan neftinin artan tədarükünə uyğunlaşır. Rusiyanın cənubundan Novorossiysk limanına qədər təxminən 1 500 km uzanan CPC marşrutu Qazaxıstan ixracatının əsas hissəsini təmin edir. Bu boru kəməri gündəlik olaraq təxminən 1,5 milyon barel neft nəql edən regionun ən böyük xam neft axınıdır.
“S&P Global Commodities”in məlumatına görə, may ayında kəmərin doldurulması 1,3 milyon barelə qədər azalıb. Bu, çox güman ki, Qazaxıstanın ən zəngin yatağı olan “Tengiz”də dayanma işlərini əks etdirir.
Qazaxıstanın “KazTransOil” dövlət şirkətinin məlumatına görə, 2024-cü ilin yanvar-fevral aylarında “Tengiz” neftinin Xəzər dənizi vasitəsilə BTC boru kəmərinə tanker tədarükü 232 min ton təşkil edib. Bu da sutkada cəmi 31 min barelə bərabərdir. Mənbə bildirib ki, Transxəzər həcmləri artırıla bilər. Lakin Qazaxıstan neftinin “Azeri Light” markalı neftə daha çox həcmdə əlavə edilməsi sonuncunun keyfiyyətini təhlükə altına qoya bilər: “Bizim Gürcüstana gedən tamamilə istifadə edilməyən boru kəmərimiz var və o, özlüyündə illik 5 milyon tona qədər (gündəlik 110 min barel) neft daşıya bilər. Bunu nəzərə alaraq, növbəti 5 milyon ton Qazaxıstan neftini BTC ilə deyil, "Supsa" kəməri ilə göndərilə bilər”, - mənbə bildirib.
O qeyd edib ki, əgər qazaxlar gəlib desələr ki, daha çox neft nəql etmək istəyirik, yəqin ki, onlara "Supsa"ya yönəldilməsi söyləniləcək. Çünki o boru kəməri hazırda boşdur.
Mənbə etiraf edib ki, Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunda hasilat azaldığından, Azərbaycan öz nefti üçün BTC marşrutundan istifadə etməklə Qazaxıstan və Türkmənistan kimi ölkələrə tranzitini təmin etmək arasında çətin balansla üzləşir.
BP şirkətinin operatoru olduğu AÇG kompleksindən hasilat 2024-cü ilin birinci rübündə illik müqayisədə 12 % azalaraq sutkada 339 min barel təşkil edib ki, bu da 10 ildən çox əvvəl əldə edilən pik səviyyələrdən çox fərqlidir. Baxmayaraq ki, yeni platforma 2024-cü ilin aprelində işə salınıb “Mərkəzi Şərqi Azəri”dən (ACE) hasilatın artacağı ümidlərini artırıb.
Həmçinin, “Azeri Light”ın həcminin artmasına əsasən BP-nin işlətdiyi “Şahdəniz” qaz yatağından qaz kondensatının hasilatının artması kömək edib. BP-nin məlumatına görə, Ceyhanın “Azeri Light” nefti ilə yüklənməsi illik müqayisədə 1 % artaraq 54 milyon barelə çatıb, “Şahdəniz” yatağından isə rüb ərzində gündəlik olaraq 99 min barel kondensat hasil edilib. Digər potensial hasilat mənbəyi 2023-cü ildə istismara verilən və sutkada 13 min barel kondensat hasilatını təmin edən “Abşeron” qaz-kondensat yatağıdır.
“Azeri Light” markalı neftin keyfiyyətinin saxlanılması məsələsi “çox həssasdır” və həm tranzit tarifləri, həm də həcmlər buna təsir göstərir. Hazırda “Azeri Light”la qarışdırmaqdansa, “Supsa” kəmərinə başqa neft göndərməyə üstünlük verilsə yaxşıdır”, - deyən mənbə Qazaxıstan üçün neftin Azərbaycan vasitəsilə göndərilməsinin iqtisadi üstünlükdən daha çox “strateji” qərar olduğunu qeyd edib. .
"Bir nöqtə var, balans var - əgər siz çox neft satmaqla neftinizin keyfiyyətinə xələl gətirirsinizsə, lakin bu tranzit sizə daha çox pul qazandırırsa - bu sadəcə bir maliyyə modelidir - o halda, bu yolveriləndir, - deyən mənbə bildirib ki, SOCAR və digər səlahiyyətlilər bunu çox diqqətlə izləyir. - Hazırda keyfiyyətdə hər hansı dəyişiklik gözlənilmir”.