Bakı-Ceyhan kəməri ilə tranzit neftinin nəqli 31% artıb

Bakı-Ceyhan kəməri ilə tranzit neftinin nəqli 31% artıb Bu ilin ilk 4 ayında BTC ilə 2,1 mln. ton tranzit nefti nəql edilib
Energetika
17 May , 2017 16:40
Bakı-Ceyhan kəməri ilə tranzit neftinin nəqli 31% artıb

Bakı. 17 may. REPORT.AZ/ Bu ilin yanvar-aprel ayları ərzində magistral neft kəmərləri ilə 13 931,4 min ton neft nəql edilib.

“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, nəqletmənin 78,1%-i Bakı-Tbilisi-Ceyhan (BTC) neft ixrac kəməri ilə həyata keçirilib.

Cari ilin yanvar-aprel ayları ərzində bu kəmər vasitəsilə 10 880,1 min ton neft ötürülüb. Dövr ərzində BTC kəməri ilə 2 118,1 min ton tranzit nefti də nəql edilib.

Bu ilin ilk 4 ayı ərzində magistral neft kəmərləri ilə nəqletmənin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,5% azalıb. BTC ilə nəql illik müqayisədə 7% azalıb, tranzit neftinin həcmi isə 31% artıb.

Qeyd edək ki, BTC boru kəməri Bakı yaxınlığındakı Səngəçal terminalından başlayır. Boru kəmərinin gündəlik ötürmə qabiliyyəti 1,2 mln. bareldir. 1 768 km uzunluğunda olan BTC boru kəməri 2006-cı ilin iyununda istismara verilib. Hazırda BTC boru kəməri əsasən Azərbaycandan “AÇG” nefti və "Şahdəniz" kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə digər xam neft və kondensat həcmləri, o cümlədən tranzit nefti nəql olunur.

"BTC Co."-nun səhmdarları rolunda BP (30,10%), "AzBTC" (25,00%), "Chevron" (8,90%), "Statoil" (8,71%), TPAO (6,53%), "Eni" (5,00%), "Total" (5,00%), "Itochu" (3,40%), "Inpex" (2,50%), CIECO (2,50%) və "ONGC (BTC) Ltd." (2,36%) şirkətləri çıxış edir.

Son xəbərlər

Orphus sistemi