Azərbaycan, Qazaxıstan və Özbəkistan Xəzər dənizinin dibi ilə yüksək gərginlikli kabel çəkməklə öz enerji sistemlərinin inteqrasiyası imkanlarını öyrənəcəklər.
“Report” bu barədə Qazaxıstanın Energetika Nazirliyinin bəyanatına istinadən xəbər verir.
Bu gün Azərbaycan, Qazaxıstan və Özbəkistanın energetika nazirləri enerji sistemlərinin birləşdirilməsi üzrə Əməkdaşlıq Memorandumu imzalayıblar.
“İmzalanan memorandumun məqsədi Azərbaycan, Qazaxıstan və Özbəkistanın enerji sistemlərinin birləşdirilməsi layihəsi çərçivəsində əməkdaşlığın əsas şərtlərini müəyyən etməkdir”, - Energetika Nazirliyi qeyd edib.
Nazirliyin məlumatına görə, sənəd Memorandum iştirakçıları tərəfindən Azərbaycan, Qazaxıstan və Özbəkistandan texniki və iqtisadi baxımdan ən optimal “yaşıl enerji” ticarətini həyata keçirmək üçün Xəzər dənizinin dibi ilə və digər dövlətlərin ərazisində yüksək gərginlikli kabel çəkilməsi yolu ilə üç ölkənin enerji sistemlərinin birləşdirilməsinin imkanlarının öyrənilməsini nəzərdə tutur.
Qazaxıstanın energetika naziri Almasadam Satkaliyev qeyd edib ki, Xəzər dənizinin dibi ilə dəniz kabelinin çəkilməsi üçün texniki tapşırıqlar layihəsi artıq hazırlanıb: “Texniki tapşırıqlar çərçivəsində beynəlxalq transmissiya dəhlizlərinin inkişafı və “yaşıl enerji”nin Avropa İttifaqı ölkələrinə satışı üçün maliyyələşdirmə, gəlir axını və mülkiyyət məsələləri də daxil olmaqla biznes modeli hazırlanacaq”.
Onun sözlərinə görə, bu gün bu layihənin həyata keçirilməsinə dair əsas yanaşmalar müzakirə edilib və razılaşdırılıb: “Gələcək tam qarşılıqlı fəaliyyətə hazırıq”.