Bakı. 9 may. REPORT.AZ/ “Ağ Şəhər” layihəsi üzrə işlərin 60%-i yekunlaşıb, böyük və ən müasir paylayıcı elektrik şəbəkəsinin qurulması təmin edilib. Hazırda qeyd olunan layihənin sonrakı mərhələsi üçün hazırlıq işləri davam etdirilir”.
“Report” xəbər verir ki, bu barədə “Azərişıq” ASC-nin sədri Baba Rzayevin rəsmi mətbuatda dərc edilən məqaləsində deyilir.
Onun sözlərinə görə, “Sovetski” ərazisində iki dövriyyəli kabel xətti çəkiləcək: “Füzuli meydanı ətrafı və “Sovetski” adlanan ərazidə, habelə şəhərin həmin hissəyə yaxın ərazilərində (o cümlədən “Kubinka” adlanan hissəsində) inşa ediləcək çoxsaylı yaşayış binalarının, sosial və yol infrastrukturunun enerji tələbatının qarşılanması üçün 1 ədəd 110/35/10 kV-luq yarımstansiyanın tikintisi, 110/35/10 kV-luq “Yasamal-1” yarımstansiyası ilə yeni tikiləcək yarımstansiya arasında 110 kV-luq 2 dövrəli kabel xəttinin çəkilməsi nəzərdə tutulur. Pirallahı adasında ən müasir və böyük yaşayış mərkəzinin, dövlət əhəmiyyətli və turizm obyektlərinin tikintisi, inşa ediləcək texnoparkların enerji təminatı, habelə 20 minə yaxın əhalinin enerji təchizatının yaxşılaşdırılması üçün müvafiq texniki sənədlər hazırlanır”.
“Təhlillər göstərir ki, Bakı şəhərinin və şəhərətrafı ərazilərin inkişaf sürəti və istehlakçıların elektrik enerjisinə olan tələbatının artım dinamikası, şəhərsalmanın böyük vüsət alması, sənaye zonalarının yaradılması enerjiyə olan tələbatı kəskin artıracağından işlərimizi bu istiqamətdə davam etdiririk”, - B.Rzayev vurğulayıb.