“Bu gün Azərbaycan Prezidentinin apardığı uğurlu iqtisadi siyasət nəticəsində ölkəmizdə enerji təhlükəsizliyi tam təmin olunub”.
“Report” xəbər verir ki, bunu Energetika Nazirliyi və ”Azərenerji” ASC ilə Səudiyyə Ərəbistanının “ACWA Power” şirkəti arasında qoyuluş gücü 240 MVt olan külək elektrik stansiyası layihəsi üzrə investisiya müqaviləsi, enerji alqı-satqısı müqaviləsi və ötürücü şəbəkəyə qoşulma müqaviləsinin imzalanma mərasimində çıxış edən “Azərenerji” ASC-nin prezidenti Baba Rzayev deyib.
B.Rzayevin sözlərinə görə, pandemiya səbəbindən layihənin icrası geciksə də, rəhbərlik etdiyi qurum öz öhdəsinə düşən işlərin icrasını vaxtında həyata keçirib:
“ACWA Power” şirkəti tərəfindən inşa ediləcək qoyuluş gücü 240 MVt oaln elektrik stansiyası 102 MVt gücündə olan “Pirəküşkül KES” – “Yaşma” yarımstansiyasına, 138 MVt gücündə olan “Xızı KES” isə yeni inşa edilən Qobu yarımstansiyasına qoşulmaqla enerji sisteminə inteqrasiya olunacaq.
İmzalanan müqavilələrə əsasən, şirkət tərəfindən inşa ediləcək 240 MVT gücündə elektrik stansiyasının şəbəkəyə qoşulması və stansiyada istehsal olunacaq elektrik enerjisinin alınması “Azərenerji” tərəfindən həyata keçiriləcək.
Bu layihənin həyata keçirilməsi milli iqtisadiyyatımızın inkişafına stimul verəcək, ölkəmizin enerji dayanıqlığının təmin edilməsində xüsusi rol oynayacaq, təbii sərvətimiz olan qaza qənaət etməyə imkan verəcək, ekologiyaya müsbət təsir göstərəcək.
Ümid edirəm ki, bu layihə şirkətlərimiz arasında uzunmüddətli və uğurlu əməkdşalığın təməlini qoymaqla yanaşı, Azərbaycan enerji sektoruna başqa investorların da maraq göstərməsinə səbəb olacaq”.