Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin Bakı Regional Qaz İstismarı Departamentinin mərkəzi rayonlar üzrə texniki istismar xidmətində 5-ci dərəcəli qaz avadanlıqlarının təmiri və istismarı üzrə çilingər peşəsində çalışan Əhməd Fazil oğlu Rəhmanovun mətbuat səhifələrində yayılan iddialarının heç bir qanuni əsası yoxdur.
Bu barədə “Report”a “Azəriqaz”dan məlumat verilib.
Bildirilir ki, Ə.Rəhmanov qeyd edir ki, partlayış xarakterli işlərə görə ona əlavə ödənişlər verilməlidir: “Lakin bildiririk ki, əmək şəraiti təhlükəli, zərərli olan və ağır işlərlə məşğul olan işçilərə güzəştlərin və kompensasiyaların verilməsi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 64, 67 və 222-ci maddələrinə və Nazirlər Kabinetinin 38 nömrəli “İş yerlərinin attestasiyasının keçirilməsi Qaydalarının təsdiq edilməsi haqqında” Qərarına əsasən tənzimlənir. Belə ki, respublika ərazisində yerləşən müəssisə və təşkilatlarda mövcud olan bütün iş yerləri 5 ildə bir dəfədən az olmayaraq attestasiyadan keçirilməlidir. Bu qanunvericiliyə əsaslanaraq SOCAR-ın strukturuna daxil olan müəssisə və təşkilatlarda iş yerlərinin attestasiyasının aparılması qrafikinə uyğun olaraq Ə.Rəhmanovun işlədiyi Departamentdə də istehsalat amillərinin zərərli parametrlərinin səviyyəsinin müəyyən edilməsinə dair attestasiya keçirilib və onun çalışdığı peşə zərərli iş yeri kimi müəyyən edilməyib”.
“Azəriqaz” həmçinin bildirir ki, Rəhmanov Əhməd Fazil oğluna Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən 2-ci dərəcəli əlillik və əmək qabiliyyətsizliyi barədə sənəd verilib: “Bu halda əlillərin iş vaxtından artıq işlərə, istirahət günləri və gecə vaxtı işləməyə cəlb edilməsinə yalnız onların razılığı ilə və bu şərtlə yol verilir ki, belə işlər tibbi tövsiyələrdə qadağan edilməsin. Ona görə də Ə.Rəhmanovun növbəli işdə çalışmaq istəyinə rəy verilməsi məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə müraciət olunub. Cavab isə belədir: “Ağır fiziki işlər, fiziki və əsəb gərginliyi ilə müşayət olunan işlər, həmçinin uzun müddət ayaqüstə dayanma və aktiv yerimə tələb olunan işlər əks göstərişdir, yüngül işlərdə işləyə bilər”. Bundan irəli gələrək haqqında danışılan şəxslə dekabrın 15-də görüşülərək “yüngül iş” kimi Birliyin idarəetmə aparatında vakant olan 6-cı dərəcəli Təmirçi-çilingər peşəsi təklif olunub, lakin o, bundan imtina edib”.