Bakı. 19 dekabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyi (İB) Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl bayramları münasibəti ilə dekabrın 31-dən yanvarın 5-dək gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək. Bu barədə "Report"a SOCAR-dan məlumat verilib.
"Bayram günlərində istehlakçıların təbii qazla fasiləsiz və keyfiyyətli təmin edilməsi, eləcə də "Qaz təsərrüfatında təhlükəsizlik Qaydaları"nın tələblərinə uyğun olaraq qaz təchizatı sisteminə nəzarəti gücləndirmək məqsədilə İB tərəfindən zəruri tədbirlər həyata keçirilir. 185 nömrəli Qaynar Xəttin və 104 nömrəli Qəza Xidmətinin fəaliyyəti gücləndiriləcək", - deyə Şirkətdən bildirilib.
Bununla yanaşı qeyd olunur ki, "Azəriqaz" İB-nin qaz təsərrüfatının istismarı şöbəsində və yerli qaz istismar sahələrində məsul şəxslərdən ibarət sutkalıq növbətçilik təşkil olunacaq.
"Azəriqaz" istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusi ilə diqqətli olmağı, texniki təhlükəsizlik qaydalarına ciddi əməl etmələrini xahiş edir", - deyə Şirkətin müraciətində bildirilir.