Yuxarı
    Bağlamaq

    "Azərenerji" Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə müraciət edəcək

    Şirkətin müraciəti e-Hökumət portalında yer alan xidmətin silinməsi ilə bağlıdır

    Bakı. 21 fevral. REPORT.AZ/ “Azərenerji” ASC Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə müraciət etməyə hazırlaşır. Bu barədə "Report"a “Azərenerji” ASC-nin ictimaiyyətlə əlaqələr və mətbuat xidmətinin rəisi Yəhya Babanlı bildirib.

    Y.Babanlı müraciətin “Azərenerji”nin "Elektron Hökumət" portalında yer alan xidmətinin silinməsi ilə bağlı olduğunu qeyd edib: “Bilirsiniz ki, ölkə başçısının məlum sərəncamı ilə istehlakçıların elektrik şəbəkəsinə qoşulması xidməti "Azərişıq" ASC-yə verilib. Buna baxmayaraq, “e-gov.az” portalında hələ də “istehlakçıların elektrik şəbəkəsinə qoşulması” xidməti “Azərenerji”nin xidmətləri siyahısında qeyd edilib. Həmin portalda “Azərenerji”yə məxsus bölmədə bu funksiyanın silinməsi üçün Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məktub hazırlayırıq. Əminəm ki, tezliklə həmin xidmət ləğv ediləcək”.

    Qurum rəsmisi deyib ki, bundan öncə abonentlərin istifadə etdikləri elektrik enerjisinə görə elektron ödəniş etmələrini nəzərdə tutan xidmətin ləğv edilməsi üçün adıçəkilən nazirliyə müraciət edilib və nazirlik müraciəti müsbət qarşılayıb.

    Bir müddət əvvəl “Report”un apardığı araşdırma zamanı sorğuya cavab olaraq “e-Hökumət" portalının operatoru olan Məlumat Hesablama Mərkəzindən (MHM) bildirilib ki, portala yerləşdirilən və portaldan çıxarılan xidmətlər həmin qurumların birbaşa rəsmi müraciəti əsasında olur: "e-Hökumət" portalındakı elektron xidmətlərin yerləşdirilməsi və çıxarılması prosedurası qurumun səlahiyyətindədir. "Azərenerji" xidmətin portaldan silinməsi üçün müraciət etmədiyinə görə, xidmət olduğu kimi aktiv qalıb".

    Qeyd edək ki, "e-Hökumət" portalında "Azərenerji"yə məxsus bir elektron xidmət mövcuddur.

    Xatırladaq ki, dövlət başçısının 10 fevral 2015-ci il tarixli sərəncamı ilə "Bakıelektrikşəbəkə" ASC-nin bazasında "Azərişıq" ASC yaradılıb və "Azərenerji" ASC-nin enerji satışı funksiyası yeni quruma həvalə edilib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi