“AzərEnerji” elektrik enerjisinin istehsalını 2 % azaldıb
- 13 sentyabr, 2024
- 09:57
Bu ilin yanvar-avqust aylarında “AzərEnerji” ASC üzrə 16 milyard 975 milyon kVt/saat elektrik enerjisi istehsal edilib.
Bu barədə “Report” Energetika Nazirliyinin 2024-cü ilin 8 ayı üzrə açıqladığı elektrik enerjisi göstəriciləri ilə bağlı operativ məlumatlarında deyilir.
Bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 353,1 milyon kVt/saat və ya 2,04 % azdır.
“Azərenerji” tərəfindən istehsal edilən elektrik enerjisinin 14 milyard 989 milyon kVt/saatı İstilik Elektrik Stansiyalarında (İES), 1 milyard 986 milyon kVt/saat Su Elektrik Stansiyalarında (SES) qeydə alınıb. Bu, bir il öncəki göstərici ilə müqayisədə müvafiq olaraq 1 milyon 143 min kVt/saat (7,09 %) az və 789,9 milyon kVt/saat (66,04 %) çoxdur.
Bu ilin 8 ayında Naxçıvan Muxtar Respublikasının Dövlət Energetika Xidməti üzrə 334,5 milyon kVt/saat elektrik enerjisi istehsal edilib. Bu, 2023-cü ilin yanvar-avqust ayları ilə müqayisədə 4,3 milyon kVt/saat və ya 1,3 % çoxdur. Energetika Xidməti üzrə İES-lərdə 151,7 milyon kVt/saat (- 28,35 %), SES-lərdə 139,7 milyon kVt/saat (+ 84,8 %), Günəş Elektrik Stansiyalarında (GES) 43,1 milyon kVt/saat (+ 0,5) elektrik enerjisi istehsal edilib.
“Azərişıq” ASC üzrə külək elektrik stansiyalarında 28,5 milyon kVt/saat (- 11,5 %), müstəqil elektrik stansiyaları üzrə isə 1 milyard 897,4 milyon kVt/saat (+22,05 %) elektrik enerjisi istehsal edilib.