“Azərenerji” BESS layihəsi çərçivəsində elan etdiyi tenderi ləğv edib

Energetika
  • 23 sentyabr, 2024
  • 07:45
“Azərenerji” BESS layihəsi çərçivəsində elan etdiyi tenderi ləğv edib

“Azərenerji” ASC Azərbaycanda 250 MVt gücündə Batareya Enerji Saxlanc Sisteminin (BESS) yaradılması layihəsi çərçivəsində elan etdiyi açıq tenderi ləğv edib.

“Report” bu barədə “Azərenerji” ASC-nin dövlət satınalmalarının vahid internet portalında dərc olunmuş elanına istinadən xəbər verir.

“Azərenerji” ASC tərəfindən Azərbaycan enerjisistemi üzrə 250 MVt gücündə BESS-in optimal yerləşmə yerlərinin təyin edilməsi, təfsilatlı layihələndirilməsi və tikintisi üçün texniki şərtlərlə birlikdə ilkin layihələndirmə və tender sənədlərinin hazırlanmasının satın alınması ilə bağlı açıq tender 30 avqust 2024-cü il tarixində keçirilib.

“Satınalmada iştirak etmək üçün təklif təqdim etmiş şirkətlərin sayı üçdən az olduğu üçün Satınalma komissiyası tenderin ləğv edilməsi ilə bağlı qərar qəbul edib”, – məlumatda bildirilib.

Energetika Nazirliyinin qiymətləndirmələrinə görə, 2 GVt həcmində “yaşıl enerji”nin inteqrasiyası üçün Azərbaycana 250 MVt gücündə saxlanc sistemi lazımdır. Layihənin 2027-ci ilə qədər həyata keçirilməsi, ilkin mərhələdə 50 MVt gücündə saxlanc sisteminin bu ilin sonunadək yaradılması nəzərdə tutulur.

Bu il may ayının əvvəlində Energetika Nazirliyi ilə Səudiyyə Ərəbistanının “ACWA Power” şirkəti arasında 200 MVt gücündə BESS layihəsi üzrə icra müqaviləsi imzalanıb.

Son xəbərlər

Bütün Xəbər Lenti