Bu ilin I yarısında Azərbaycanda 15,2 milyon ton neft-kondensat hasil edilib, bunun da 12,7 milyon tonu ixrac olunub.
"Report" xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov tviter hesabında bildirib.
Bundan başqa, nazir qeyd edib ki, yanvar-iyun aylarında Azərbaycanda ötən ilin eyni dövrü ilə müqayisədə 3 % çox - 24,1 milyard kubmetr təbii qaz hasil edilib, bunun da 12 milyard kubmetri (7,5 % çox) ixrac olunub.
"O cümlədən Avropaya 5,7 milyard kubmetr, Türkiyəyə 5 milyard kubmetr, Gürcüstana isə 1,3 milyard kubmetr qaz ixrac edilib. Bu dövrdə Trans Anadolu Qaz Boru Kəməri (TANAP) Türkiyəni 28 milyard kubmetr qazla təchiz edib", - deyə P.Şahbazov əlavə edib.
***
Energetika Nazirliyinin bununla bağlı yaydığı məlumatda isə deyilir ki, 6 ay ərzində ölkədə hasil edilmiş 15,2 milyon neft-kondensatın 9,1 milyon tonu “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlarının, 2,2 milyon tonu “Şahdəniz” yatağının payına düşüb. Dövlət Neft Şirkəti (SOCAR) üzrə hasilat 3,9 milyon ton təşkil edib.
Hesabat dövründə ixrac edilmiş 12,7 milyon ton neft-kondensatın 11,3 milyon tonu konsorsiumun, 1,4 milyon tonu isə SOCAR-ın payına düşüb.
AÇG və “Şahdəniz” yataqları istismara veriləndən 1 iyul 2023-cü il tarixinə qədər 618,4 milyon tona yaxın neft (kondensatla birlikdə) hasil edilib. O cümlədən AÇG-dən 576 milyon ton neft, “Şahdəniz”dən isə təqribən 42,4 milyon ton kondensat çıxarılıb. Bunun da 616,5 milyon tonu ixrac edilib.
I yarımildə ölkədə neftin emalı 3,1 milyon ton təşkil edib.
Yanvar-iyun aylarında ölkədə hasil edilmiş 24,1 milyard metr təbii qazın isə 6,5 milyard kubmetri AÇG-nin, 13,2 milyard kub metri “Şahdəniz”in, 4,4 milyard kub metri isə SOCAR-ın payına düşür.
AÇG və “Şahdəniz” yataqları istismara veriləndən 1 iyul 2023-cü il tarixinə qədər AÇG-dən 209,9 milyard kub metr, “Şahdəniz”dən isə 195,9 milyard kub metr qaz çıxarılıb. Bu dövrdə “Şahdəniz”dən hasil edilmiş qazın təxminən 138,1 milyard kub metrə yaxını ixrac olunub.