Azərbaycanın metanol ixracından gəliri 34 % azalıb
- 14 iyul, 2023
- 07:53
2023-cü ilin ilk 6 ayında Azərbaycan gömrük bəyannamələrinə əsasən, 211 min 746,15 ton metanol (metil spirti) ixrac edib.
“Report”un Dövlət Gömrük Komitəsinin statistikasına əsasən verdiyi xəbərə görə, bu həcmdə metanolun dəyəri 46 milyon 842,2 min ABŞ dolları təşkil edib.
Bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 9 % və 33,7 % azdır.
Metanolun qeyri-neft sektoru üzrə ixracda payı 2,6 %, ölkənin ümumi ixracında payı isə 0,3 % olub.
Bu ilin yanvar-iyun aylarında Azərbaycan xarici ölkələrlə 26 milyard 166 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Ticarət dövriyyəsinin 17 milyard 968 milyon ABŞ dolları ixracın, 8 milyard 198 milyon ABŞ dolları isə idxalın payına düşüb.
Xatırladaq ki, Metanol Bakının Qaradağ rayonundakı Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Metanol Zavodunda istehsal edilir. 2013-cü ildə istismara verilmiş zavod 2016-cı ildənn SOCAR-ın törəmə müəssisəsi - “SOCAR Methanol” MMC-nin idarəçiliyi altında fəaliyyət göstərir, 2017-ci ilin avqust ayından isə şirkətin mülkiyyətinə keçib. Müəssisə illik 650-700 min ton metanol istehsal etmək gücünə malikdir. İstehsalatda xammal olaraq təbii qaz və duzlaşdırılmış su istifadə olunur.