Azərbaycanın magistral kəmərləri ilə nəql edilən neftin həcmi 2 %-ə yaxın artıb
- 15 aprel, 2024
- 09:58
Bu ilin yanvar-mart aylarında Azərbaycanın magistral neft kəmərləri ilə 9 milyon 664 min ton neft nəql edilib.
“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 1,72 % çoxdur.
Nəqletmənin 75,2 %-i Bakı-Tbilisi-Ceyhan (BTC) neft ixrac kəməri ilə həyata keçirilib.
Birinci rübdə bu kəmər vasitəsilə 7 milyon 267,2 min ton neft ötürülüb. Bu, 2023-cü ilin yanvar-mart ayları ilə müqayisədə 0,3 % çoxdur.
Dövr ərzində BTC kəməri ilə nəql edilmiş neftin 80,7 %-ini və ya 5 milyon 866,9 min tonunu Azərbaycanda hasil edilən neft, 19,3 %-ini və ya 1 milyon 400,3 min tonunu isə Türkmənistan və Qazaxıstandan daxil olan neft təşkil edib.
Xatırladaq ki, hazırda BTC boru kəməri əsasən Azərbaycandan “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan hasil edilən nefti və “Şahdəniz” yatağından çıxarılan kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə digər xam neft və kondensat həcmləri də, o cümlədən Türkmənistan və Qazaxıstan nefti nəql olunur.
BTC Ko.-nun səhmdarları: BP (30,1 %); AzBTC (25 %); MOL (8,9 %); Ekvinor (8,71 %); TPAO (6,53 %); Eni (5 %); Total (5 %), İTOÇU (3,4 %); İNPEKS (2,5 %), “EksonMobil” (2,5 %) və ONGC (BTC) Limited (2,36 %) şirkətləridir.