Azərbaycanın karbamid ixracından gəliri 3,4 dəfə azalıb
- 01 sentyabr, 2023
- 06:48
Bu ilin yanvar-iyul aylarında Azərbaycan 35,7 milyon ABŞ dolları dəyərində karbamid ixrac edib.
“Report”un məlumatına görə, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın avqust sayında bildirilir.
Bu, 2022-ci ilin 7 ayının göstəricisi ilə müqayisədə 86,2 milyon ABŞ dolları və ya 3,4 dəfə azdır.
Qeyd edək ki, bu ilin yanvar-iyul ayları ərzində Azərbaycanın ümumi ixracı 20,8 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə ixrac isə 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 17,8 % artaraq 2 milyard ABŞ dolları təşkil edib.
Xatırladaq ki, karbamid (azot gübrəsi) Sumqayıt Kimya Sənaye Parkının ərazisindəki “SOCAR Karbamid” zavodunda istehsal edilir. Zavod 2019-cu il yanvarın 16-da istifadəyə verilib, il ərzində 435 milyon kubmetr təbii qazdan xammal kimi istifadə etməklə 650-660 min ton karbamid istehsal etmək gücündədir. İstehsal həcminin 70 %-i ixrac üçün nəzərdə tutulub.