Yuxarı

​Azərbaycanın energetika naziri Malayziyanın "Petronas" şirkətinin ölkədəki yeni menecerini qəbul edib

Nazir SOCAR-la “Petronas” arasında sıx əməkdaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsinin hər iki ölkə üçün əhəmiyyətini qeyd edib

Bakı. 27 iyul. REPORT.AZ/ Energetika Nazirliyində Malayziyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Dato Roslan Tan Sri Abdul Rahmanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib. Bu barədə “Report”a Nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Malayziyanın “Petronas” milli neft şirkətinin Azərbaycan üzrə yeni təyin olunmuş rəhbəri Hanafi Talibin təqdim edildiyi görüşdə iki ölkə arasında müxtəlif sahələrdə, o cümlədən enerji sektorunda əməkdaşlığın hazırkı səviyyəsindən məmnunluq ifadə edilib.

Məlumata görə, “Petronas“ şirkətinin mühüm layihələrdə fəal iştirakını yüksək qiymətləndirən energetika naziri Natiq Əliyev Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə “Petronas” arasında sıx əməkdaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsinin hər iki ölkə üçün əhəmiyyətini qeyd edib.

N.Əliyev dünya bazarında neftin qiymətinin bir neçə dəfə düşməsinə baxmayaraq, ölkədə neft-qaz layihələrinin uğurla icra edildiyini, bütün beynəlxalq öhdəliklərin yetinə yetirildiyini və əlverişli investisiya mühitinin olduğunu bildirib.

“Petronas” şirkətinin Xəzər dənizinin Azərbaycan sektorundakı fəaliyyətinə toxunan energetika naziri əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın olduğunu deyib. O, Malayziyanı uğurlu tərəfdaşlıq əlaqələrinə görə Azərbaycanın ən yaxşı dostlarından biri kimi səciyyələndirərək, “Petronas”ın yeni rəhbərinə gələcək fəaliyyətində lazımi köməyin göstəriləcəyini bildirib.

Malayziyalı səfir isə SOCAR və “Petronas” şirkətləri arasında imzalanmış Anlaşma Memorandumunun enerji əməkdaşlığında yeni səhifə açdığını xatırladaraq, “Şahdəniz-2” layihəsində birgə fəaliyyəti uğurlu işbirliyi kimi qiymətləndirib. Səfir regionda Azərbaycanın iştirakı ilə enerji əməkdaşlığı formatının genişləndiyini əsas gətirərək, “Petronas”ın cəlb edilə biləcəyi istiqamətlərlə də maraqlanıb.

Görüşdə həmçinin Türkmənistan qazının Avropa bazarlarına çıxarılması və Transxəzər kəmərinin inşası layihəsinin reallaşması imkanları da müzakirə edilib. Tərəfləri maraqlandıran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi