Azərbaycanda benzin istehsalı 47 %-dən çox artıb
- 14 iyun, 2023
- 12:13
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-may aylarında Azərbaycanda neft məhsullarının istehsalının ümumi dəyəri 1 milyard 759,4 milyon manat təşkil edib.
“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 25,4 % çoxdur.
Hesabat dövründə 570,8 min ton həcmində avtomobil benzini, 923,4 min ton dizel yanacağı, 26,1 min ton sürtkü yağları, 79,3 min ton neft bitumu istehsal edilib.
Belə ki, ötən 5 ay ərzində Azərbaycanda avtomobil benzinin istehsalı 47,6 %, dizel yanacağının istehsalı 36,4 %, sürtkü yağlarının istehsalı 52,6 % artıb. Neft bitumunun istehsalı isə 38,7 % azalıb,
Həmçinin, 2023-cü ilin yanvar-may aylarında ölkədə 104 min ton maye qazlar, 221,9 min ton ağ neft, 3,3 min ton mazut, 105,7 min ton neft koksu istehsal edilib.
Son bir ildə Azərbaycanda maye qazların istehsalı 36,3 %, ağ neft istehsalı 11,5 %, neft koksunun istehsalı 5,7 %, artıb. Bu müddət ərzində ölkədə mazutun istehsalı 94,6 % azalıb.
Qeyd edək ki, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Heydər Əliyev adınna Neft Emalı Zavodu regionumuzun yeganə neft emalı müəssisəsi olaraq, Azərbaycanın Ai-92, dizel və təyyarə yanacağı kimi yanacaq məhsulları ilə təmin etməklə yanaşı, SOCAR-ın Azərbaycandakı neft-kimya müəssisələrini də xammal ilə təchiz edir. Zavodda istehsal edilən məhsulun bir qismi isə ixrac olunur. NEZ-in istehsal gücünün artırılması, ölkənin "Avro-5" standartına uyğun olan yüksək keyfiyyətli yanacaqla təmin edilməsi, “Azərikimya” İB-nin sabit xammal təchizatı və neft məhsullarının ixrac potensialının yüksəldilməsi məqsədi ilə həyata keçirilən modernizasiya və yenidənqurma işləri ölkə sənayesi üçün mühüm əhəmiyyət daşıyır.