Azərbaycanda atmosferə atılan istixana qazlarının azaldılması məqsədilə qanun hazırlanıb

Azərbaycanda atmosferə atılan istixana qazlarının azaldılması məqsədilə qanun hazırlanıb Azərbaycanda atmosferə atılan istixana qazlarının azaldılması, karbon kreditləri və karbon ticarəti sisteminin yaradılması və tənzimlənməsi məqsədilə Qanun layihəsi hazırlanıb.
Energetika
30 May , 2023 16:25
Azərbaycanda atmosferə atılan istixana qazlarının azaldılması məqsədilə qanun hazırlanıb

Azərbaycanda atmosferə atılan istixana qazlarının azaldılması, karbon kreditləri və karbon ticarəti sisteminin yaradılması və tənzimlənməsi məqsədilə Qanun layihəsi hazırlanıb.

"Report" xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev "Yaşıl enerji və ətraf mühit" bizneslər üçün inkişaf perspektivləri mövzusunda ictimai müzakirədə deyib.

Onun sözlərinə görə, qanuna özəl biznes subyektlərinin perspektivindən baxılması və fikir mübadiləsinin aparılması olduqca vacibdir: "Bu məqsədlə bütün maraqlı tərəflərin iştirakı ilə ictimai müzakirələrin keçirilməsi nəzərdə tutulur".

Nazir qeyd edib ki, Paris Sazişinə uyğun olaraq, Yaponiya Hökuməti ilə imzalanmış Əməkdaşlıq Memorandumu ölkəmizdə istixana qazlarının azaldılması istiqamətində energetika, sənaye, kənd təsərrüfatı və digər sahələrdə qabaqcıl texnologiyaların tətbiqi və infrastrukturunun yaradılması üzrə Yaponiya şirkətləri ilə birgə layihələrin həyata keçirilməsinə geniş imkanlar yaradır: "Bu əməkdaşlıq çərçivəsində layihələrin irəli sürülməsində Yaponiya şirkətləri ilə birlikdə yerli şirkətləri də aktiv iştiraka dəvət edirik".

Onun sözlərinə görə, müstəqil Azərbaycanın ekoloji sahədə bugünkü inkişaf yoluna nəzər saldıqda əminliklə qeyd etmək olar ki, bu sahənin inkişafı 100-cü ildönümü qeyd edilən müstəqil Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyevin ölkənin ekoloji prioritetlərinin zamanında düzgün müəyyənləşdirməsinin nəticəsidir: "Dahi rəhbər ətraf mühitin mühafizəsi, eləcə də təbii sərvətlərdən səmərəli istifadə məsələlərinə xüsusi qayğı ilə yanaşıb. Onun rəhbərliyi ilə respublikamız üçün aktual olan ekoloji problemlərin həlli istiqamətində ardıcıl tədbirlər həyata keçirilib. Bu gün iqtisadi cəhətdən dayanıqlı, təmiz və sağlam gələcəyə keçid ən aktual çağırışlardan biridir, eyni zamanda bir cəmiyyət olaraq qarşımızda duran böyük məsuliyyətdir. Dünyada ətraf mühitin çirklənməsi, azalan təbii ehtiyatlar və artan tələbat fonunda dayanıqlı inkişafa nail olmaq üçün "yaşıl iqtisadiyyata" keçid böyük əhəmiyyət kəsb edir".

M. Babayev vurğulayıb ki, hazırda Azərbaycanın sosial-iqtisadi islahatlara əsaslanan inkişaf konsepsiyasında davamlı inkişafın bir komponenti olan "yaşıl iqtisadiyyata" keçid mühüm yer tutur: "Təsadüfi deyildir ki, ölkə başçısı İlham Əliyev tərəfindən təsdiq edilmiş "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər" sənədində 5-ci prioritet "Təmiz ətraf mühit və yaşıl artım ölkəsi" adlanır. Sənəddə təbii ehtiyatlardan, təmiz və dayanıqlı enerji mənbələrindən səmərəli istifadə, tullantıların təkrar emalı və ekoloji təmiz texnologiyaların tətbiqinin genişləndirilməsi ilə bağlı qarşıya konkret tapşırıqlar qoyulub. Bu tapşırıqların icrasının təmin edilməsi məqsədilə son illərdə iqtisadiyyatın dekarbonizasiyasına yönəlmiş siyasi, iqtisadi və qanunvericilik islahatları aparılır".

Son xəbərlər

Orphus sistemi