Azərbaycanda 2040-cı ilə qədər dənizdə istehsal ediləcək külək enerjisinin proqnozu açıqlanıb
- 09 iyun, 2022
- 08:01
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycanda dənizdə külək enerjisinin ümumi elektrik enerjisi təchizatında payının 2040-cı ildə minimum 7 % olacağı proqnozlaşdırılır.
“Report” xəbər verir ki, bu barədə Dünya Bankının hazırladığı “Azərbaycanda dənizdə külək enerjisi ilə bağlı Yol Xəritəsində” deyilir.
Məlumata görə, ən yuxarı proqnoz gözləntiləri isə 37 % olacağı ehtimal edilir.
2040-ci ilə qədər dənizdə külək enerjisi stansiyasının güçü minimum 1,5 qiqavat, maksimum isə 7,2 qiqavat olacağı proqnozlaşdırılır.
Hesabat dövründə elektrik enerjisi istehsalı ən aşağı ssenariyə görə 55 teravat/saat, ən yuxarı ssenariyə əsasən isə 3,9 dəfə artaraq 215 teravat/saata çatacağı gözlənilir.
Bu sahənin inkişafı ümumulikdə minimum 19 min yeni iş yerinin yaradılmasına imkan verəcək. Amma proqnoza əsasən, bu rəqəm maksimum 3,6 dəfə artaraq 69 min nəfərə qədər də çata bilər.
2040-ci ilə qədər bu sektorun yaradacağı ümumi dəyər 2 milyard ABŞ dolları ola biləcək. Maksimal proqnoza əsasən bu göstərici 7 milyard ABŞ dollarına da çata bilər.
2040-ci ilə qədər dənizdə külək enerjisinin istehsalının artması Azərbaycanda minimum 27 milyon ton karbon dioksidin havaya atılmasının qarşısını alacaq. Dünya Bankının maksimal proqnozuna görə, 18 il sonraya qədər bu rəqəm 3,9 dəfə artaraq 107 milyon tona qədər çatdırıla bilər.