Azərbaycan və Qazaxıstan arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 18-ci iclasında iştirak məqsədilə Qazaxıstana səfər çərçivəsində energetika naziri Pərviz Şahbazov ilə bu ölkənin energetika naziri Bolat Akçulakov arasında görüş olub.
"Report" xəbər verir ki, bu barədə Energetika Nazirliyi məlumat yayıb.
Bildirilir ki, İqtisadiyyat və Energetika nazirliklərinin, həmçinin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin nümayəndələrinin iştirakı ilə keçirilən görüşdə enerji sahəsində ikitərəfli səmərəli əməkdaşlıq münasibətləri müzakirə olunub.
Karbohidrogen mənşəli yanacaqların tranziti, enerji səmərəliliyi, enerji istehsalı və istehlakında bərpa olunan mənbələrin payının artırılması sahəsində əməkdaşlığın genişləndirilməsi, həmçinin enerji sahəsində mövcud işçi qrupların növbəti iclasının mümkün qısa vaxt ərzində keçirilməsi razılaşdırılıb.
Bununla yanaşı, qeyd olunan sahələrdə birgə təlimlərin, seminarların keçirilməsi ilə təcrübə mübadiləsinin aparılması və qarşılıqlı maraq kəsb edən digər tədbirlərin həyata keçirilməsi qərara alınıb. Hökumətlərarası Komissiyanın Azərbaycan və Qazaxıstan arasındakı münasibətlərin möhkəmləndirilməsinə töhfələri qeyd edilib.