Azərbaycan Türkmənistandan qaz idxalını artıracaq

Energetika
  • 04 aprel, 2022
  • 12:23
Azərbaycan Türkmənistandan qaz idxalını artıracaq

Azərbaycanın İran üzərindən Türkmənistandan 2023-cü ildə qaz idxalının miqdarı bu ilin sentyabr ayında müəyyənləşdiriləcək.

“Report”a hökumətdəki mötəbər mənbə bildirib ki, həmin ölkədən qaz idxalı Azərbaycan, İran, Türkmənistan arasında svop qaz tədarükünə dair 2021-ci ilin noyabrın 28-də imzalanmış saziş çərçivəsində həyata keçirilir. 2022-ci il üçün 1,5 milyard kubmetr qaz tədarükü razılaşdırılsa da, növbəti ildə tədarük həcminin artırılacağı bildirilir.

Qeyd olunan svop sazişinə əsasən, Türkmənistan 2022-ci il yanvar ayından etibarən İrana boru kəmərilə gündəlik 5-6 milyon kubmetr qaz tədarük edir ki, bunun 4 milyon kubmetri Azərbaycan üçün, qalan hissəsi də İranın 5 şimal əyaləti üçün nəzərdə tutulur. Azərbaycan üçün nəzərdə tutulan qazın əksər hissəsi İran Culfası vasitəsilə Naxçıvan Muxtar Respublikasına, digər qismi də Astara vasitəsilə nəql olunur.

“Bu razılaşmanın həyata keçirilməsilə Azərbaycan ehtiyac yaranması təqdirdə lazımi qaz ehtiyatına malik olmaq üçün həm daxili, həm də xarici bazarda qaz bölüşdürmə əməliyyatlarını tənzimləyə bilir”, – deyə hökumətdəki mənbə qeyd edib.

Türkmənistan rəsmiləri isə İran və Azərbaycana gündəlik 15-20 milyon kubmetr qaz ixrac edə biləcəklərini, bu məsələni müzakirəyə hazır olduqlarını bildiriblər.

Qeyd edək ki, Azərbaycan 2022-ci ildə 45 milyard kubmetrədək qaz hasilatını planlaşdırır, bunun da yalnız 32 milyard kubmetri əmtəə qazın payına düşür. Bu həcmin 20 milyard kubmetri ixrac, yerdə qalan hissəsi isə daxili istehlak üçün nəzərdə tutulur.

L.E.