Azərbaycan Türkmənistandan qaz idxalını 2,5 dəfə artırıb

Energetika
  • 31 avqust, 2023
  • 10:46
Azərbaycan Türkmənistandan qaz idxalını 2,5 dəfə artırıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycan Türkmənistandan 732 milyon 208,32 min kubmetr təbii qaz idxal edib.

Bu barədə “Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Bildirilir ki, Türkmənistandan Azərbaycana ixrac edilən təbii qazın dəyəri 109 milyon 187,28 min ABŞ dolları təşkil edib.

Bu, həcm baxımından 2022-ci ilin ilk yarımillik dövrü ilə müqayisədə 439 milyon 352,58 min kubmetr və ya 2,5 dəfə, məbləğ baxımından isə 77 milyon 305,43 min ABŞ dolları və ya 3,4 dəfə çoxdur.

Bu ilin 6 ayında isə Azərbaycan ümumilikdə 1 milyard 532 milyon 874,07 min kubmetr təbii qaz idxal edib. Bu, illik müqayisədə 1 milyard 173 milyon 927,16 min kubmetr və ya 4,3 dəfə çoxdur. Məbləğ baxımından isə təbii qaz idxalı il ərzində 218 milyon 023,06 min ABŞ dolları və ya 7,3 dəfə artaraq 252 milyon 413,48 min ABŞ dolları təşkil edib.

Qeyd edək ki, 2021-ci ilin noyabr ayında Azərbaycan, İran və Türkmənistan arasında qarşılıqlı qaz tədarükü (swap) haqqında üçtərəfli saziş imzalanıb. Sazişə əsasən, Türkmənistan İran vasitəsilə Azərbaycana ildə 1,5-2 milyard kubmetr qaz tədarük edəcək. 2022-ci ilin yanvar ayında gündəlik 5-6 milyon kubmetr həcm ilə qazın Azərbaycana nəqlinə başlanılıb. Mart ayına qədər gündəlik qaz nəqlinin həcmi 7 milyon kubmetrədək artıb. 2022-ci ilin iyun ayında İran və Azərbaycan Türkmənistandan Azərbaycana İranın boru kəməri vasitəsilə illik qaz tədarükünü iki dəfə artırmağa dair razılığa gəlib.

44 filmi