"Cəbrayıl" Enerji Qovşağı Qarabağ və Şərqi Zəngəzur regionunun dayanıqlı, etibarlı elektrik təchizatını təmin edəcək, yaradılan meqa layihələrin tələbatını qarşılayacaq".
"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Qarabağ Regional Electrik Şəbəkəsinin direktoru Mircəlal Hüseynov bildirib.
Onun sözlərinə görə, bu elektrik qovşağı Cəbrayıl - Naxçıvan - Ağrı (Türkiyə) yarımstansiyaları, oradan isə Türkiyə enerjisistemi vasitəsilə Avropa enerji bazarlarına əlavə və daha əlverişli çıxış əldə edəcək: "Həmçinin bu qovşaq ixrac imkanlarını artıracaq. Uzun illərdən sonra Naxçıvan Muxtar Respublikası Azərbaycanın ümumi enerji sisteminə qoşulacaq".
M.Hüseynov qeyd edib ki, "Xudafərin" və "Qız Qalası" su elektrik stansiyalarında, o cümlədən alternativ və bərpa olunan enerji mənbələrində, həmçinin kiçik su elektrik stansiyalarında istehsal ediləcək enerjini Azərbaycanın ümumi enerji sisteminə ötürmək üçün 330 kV-luq Cəbrayıl yarımstansiyasının tikilməsi olduqca əhəmiyyətli hadisədir.
O vurğulayıb ki, gələcəkdə Türkiyəyə, oradan da Avropaya illik 1 000 meqavat elektrik enerjisi ixrac ediləcək.