Azərbaycan Serbiyaya qaz tədarükünün həcmini açıqlayıb
- 24 iyun, 2024
- 07:01
Bu ilin əvvəlindən Azərbaycan Serbiyaya 17 milyon kubmetrə yaxın təbii qaz tədarük edib.
Bu barədə “Report”a Dövlət Statistika Komitəsindən məlumat verilib.
Bildirilib ki, Azərbaycan qazının Serbiyaya tədarükünə 2024-cü ilin fevralından başlanılıb.
Bu ilin fevral-aprel aylarında Serbiyaya 5 milyon 991,84 min ABŞ dolları dəyərində 16 milyon 834,15 min kubmetr qaz tədarük olunub.
Söhbət Azərbaycan Dövlət Gömrük Komitəsi tərəfindən qeydə alınan (bəyan edilən) həcmlərdən gedir.
Məlumata görə, təkcə aprel ayında Azərbaycan Serbiyaya 1 milyon 355,5 min ABŞ dolları dəyərində 4 milyon 678,9 min kubmetr qaz tədarük edib.
Xatırladaq ki, 2023-cü il noyabrın 15-də Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və “Srbijagas” şirkəti arasında 2024-cü ildən başlayaraq Azərbaycan qazının Serbiyaya tədarükü ilə bağlı müqavilə imzalanıb. Bu müqavilə ilə 2024-2026-cı illərdə Azərbaycandan Serbiyaya ildə 400 milyon kubmetrədək qaz tədarükü nəzərdə tutulur. 2027-ci ildən bu həcmlərin artırılması planlaşdırılır.