Azərbaycan polipropilen ixracını təqribən 74 % artırıb
- 15 avqust, 2023
- 12:38
Bu ilin yanvar-iyul aylarında Azərbaycan gömrük bəyannamələrinə əsasən, 65 min 750,65 ton ilkin formalarda polipropilen ixrac edib.
“Report”un Dövlət Gömrük Komitəsinin statistikasına əsasən verdiyi xəbərə görə, bu həcmdə polipropilenin dəyəri 71 milyon 540,13 min ABŞ dolları təşkil edib.
Bu, 2022-ci ilin 7 ayı ilə müqayisədə müvafiq olaraq 73,6 % və 25,6 % çoxdur.
İlkin formalarda polipropilenin qeyri-neft sektoru üzrə ixracda payı 3,56 %, ölkənin ümumi ixracındakı payı isə 0,34 % olub.
Qeyd edək ki, bu ilin yanvar-iyul aylarında Azərbaycan xarici ölkələrlə 30 milyard 333 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Ticarət dövriyyəsinin 20 milyard 777 milyon ABŞ dolları ixracın, 9 milyard 556 milyon ABŞ dolları isə idxalın payına düşüb.
Xatırladaq ki, polipropilen "SOCAR Polymer"in illik istehsal gücü 184 min ton olan Polipropilen Zavodunda istehsal edilir. Polipropilen Zavodunun açılışı 2018-ci il iyulun 18-də Azərbaycan Prezidenti İlham Əliyev və İtaliya Prezidenti Sercio Mattarellanın iştirakı ilə olub. Həmin il oktyabrın 5-də polipropilenin ixracına başlanılıb.