Azərbaycan polietilen ixracını 67 % artırıb

Energetika
  • 14 iyul, 2023
  • 07:27
Azərbaycan polietilen ixracını 67 % artırıb

2023-cü ilin I rübündə Azərbaycan gömrük bəyannamələrinə əsasən, 80 min 531,7 ton ilkin formalarda polietilen ixrac edib.

“Report”un Dövlət Gömrük Komitəsinin statistikasına əsasən verdiyi xəbərə görə, bu həcmdə polietilenin dəyəri 83 milyon 57,3 min ABŞ dolları təşkil edib.

Bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 66,7 % 20,8 % çoxdur.

Polietilenin qeyri-neft sektoru üzrə ixracda payı 4,7 %, ölkənin ümumi ixracındakı payı isə 0,5 % olub.

Bu ilin yanvar-iyun aylarında Azərbaycan xarici ölkələrlə 26 milyard 166 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Ticarət dövriyyəsinin 17 milyard 968 milyon ABŞ dolları ixracın, 8 milyard 198 milyon ABŞ dolları isə idxalın payına düşüb.

Xatırladaq ki, Azərbaycanda polietilen və polipropilen "SOCAR Polymer" zavodunda istehsal edilir. “SOCAR Polymer" layihəsinə illik istehsal gücü 184 min ton olan Polipropilen zavodu və illik istehsalı 120 min ton təşkil edən Yüksəksıxlıqlı Polietilen zavodu daxildir. Polipropilen zavodunun açılışı 2018-ci il iyulun 18-də Azərbaycan Prezidenti İlham Əliyev və İtaliya Prezidenti Sercio Mattarellanın iştirakı ilə olub. Həmin ilin oktyabrın 5-dən isə polipropilenin ixracına başlanılıb.