Azərbaycan polietilen ixracını 44 %-dən çox artırıb

Energetika
  • 18 sentyabr, 2023
  • 10:12
Azərbaycan polietilen ixracını 44 %-dən çox artırıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycan gömrük bəyannamələrinə əsasən, 109 min 335,61 ton ilkin formalarda polietilen ixrac edib.

“Report”un Dövlət Gömrük Komitəsinin statistikasına əsasən verdiyi xəbərə görə, bu həcmdə polietilenin dəyəri 113 milyon 286,34 min ABŞ dolları təşkil edib.

Bu, 2022-ci ilin yanvar-avqust ayları ilə müqayisədə bu ilin ilk 8 ayında polietilen istehsalı müvafiq olaraq 44,2 % 11,5 % artıb.

2023-cü ilin ilk 8 ayı ərzində polietilenin qeyri-neft sektoru üzrə ixracda payı 5,13 % olub. Hesabat dövründə ilkin formalarda polietilenin ölkənin ümumi ixracdakı payı 0,47 % olub.

Qeyd edək ki, bu ilin yanvar-avqust aylarında Azərbaycan xarici ölkələrlə 35 milyard 505 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. 8 aylıq xarici ticarət dövriyyəsinin 24 milyard 355 milyon ABŞ dolları ixracın, 11 milyard 151 milyon ABŞ dolları isə idxalın payına düşüb.

Xatırladaq ki, Azərbaycanda polietilen və polipropilen "SOCAR Polymer" zavodunda istehsal edilir. “SOCAR Polymer" layihəsinə illik istehsal gücü 184 min ton olan Polipropilen zavodu və illik istehsalı 120 min ton təşkil edən Yüksəksıxlıqlı Polietilen zavodu daxildir. Polipropilen zavodunun açılışı 2018-ci il iyulun 18-də Azərbaycan Prezidenti İlham Əliyev və İtaliya Prezidenti Sercio Mattarellanın iştirakı ilə olub. Həmin ilin oktyabrın 5-dən isə polipropilenin ixracına başlanılıb.