Azərbaycan polietilen ixracını 39 % artırıb
- 17 noyabr, 2023
- 06:36
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan gömrük bəyannamələrinə əsasən, 130 min 562 ton ilkin formalarda polietilen ixrac edib.
“Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə polietilenin dəyəri 135 milyon 928 min ABŞ dolları təşkil edib.
Bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 39 % və 12,5 % çoxdur.
Hesabat dövründə polietilenin qeyri-neft sektoru üzrə ixracda payı 5 %, ümumi ixracda payı isə 0,5 % olub.
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan xarici ölkələrlə 43 milyard 520 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. 10 aylıq xarici ticarət dövriyyəsinin 29 milyard 346 milyon ABŞ dolları ixracın, 14 milyard 174 milyon ABŞ dolları isə idxalın payına düşüb.
Xatırladaq ki, Azərbaycanda polietilen və polipropilen "SOCAR Polymer" zavodunda istehsal edilir. “SOCAR Polymer" layihəsinə illik istehsal gücü 184 min ton olan Polipropilen zavodu və illik istehsalı 120 min ton təşkil edən Yüksəksıxlıqlı Polietilen zavodu daxildir. Polipropilen zavodunun açılışı 2018-ci il iyulun 18-də Azərbaycan Prezidenti İlham Əliyev və İtaliya Prezidenti Sercio Mattarellanın iştirakı ilə olub. Həmin ilin oktyabrın 5-dən isə polipropilenin ixracına başlanılıb.