Azərbaycan polietilen ixracını 38 %-ə yaxın artırıb
- 17 oktyabr, 2023
- 08:12
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan gömrük bəyannamələrinə əsasən, 119 min 566,96 ton ilkin formalarda polietilen ixrac edib.
“Report”un Dövlət Gömrük Komitəsinin statistikasına əsasən verdiyi xəbərə görə, bu həcmdə polietilenin dəyəri 124 milyon 904,84 min ABŞ dolları təşkil edib.
Bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə bu ilin ilk 9 ayında polietilen ixracı müvafiq olaraq 37,8 % və 10,8 % artıb.
Polietilenin ölkənin qeyri-neft sektoru üzrə ixracında payı 5,13 % olub. Hesabat dövründə ilkin formalarda polietilenin ölkənin ümumi ixracdakı payı 0,47 % olub.
Qeyd edək ki, bu ilin yanvar-sentyabr aylarında Azərbaycan xarici ölkələrlə 39 milyard 103 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Ticarət dövriyyəsinin 26 milyard 489 milyon ABŞ dolları ixracın, 12 milyard 614 milyon ABŞ dolları isə idxalın payına düşüb.
Xatırladaq ki, Azərbaycanda polietilen və polipropilen "SOCAR Polymer" zavodunda istehsal edilir. “SOCAR Polymer" layihəsinə illik istehsal gücü 184 min ton olan Polipropilen zavodu və illik istehsalı 120 min ton təşkil edən Yüksəksıxlıqlı Polietilen zavodu daxildir. Polipropilen zavodunun açılışı 2018-ci il iyulun 18-də Azərbaycan Prezidenti İlham Əliyev və İtaliya Prezidenti Sercio Mattarellanın iştirakı ilə olub. Həmin ilin oktyabrın 5-dən isə polipropilenin ixracına başlanılıb.