Azərbaycan bu gündən etibarən “OPEC plus” razılaşması çərçivəsində neft hasilatının azaldılması prosesinə başlayıb.
Bu barədə "Report"a Energetika Nazirliyindən məlumat verilib.
May-iyun aylarında “OPEC plus” üzrə öhdəliklər gündəlik neft hasilatının 2018-ci ilin oktyabr ayı səviyyəsindən 23% olmaqla 9,7 mln barel, Azərbaycan üçün isə 164 min barel azaldılmasını nəzərdə tutur. 2018-ci ilin oktyabr ayında gündəlik xam neft hasilatı 718 min barel olan Azərbaycanın öhdəlikləri iyul - dekabr aylarında bu göstəricidən 18% olmaqla 131 min barel, 2021-ci il və 2022-ci ilin apreli ərzində isə 14% olmaqla 98 min barel müəyyənləşib.
Yeni “Əməkdaşlıq Bəyannaməsi”nə uyğun olaraq hasilatın azaldılması kvotaları SOCAR-ın neft və qazçıxarma qurumlarının və ölkəmizdə hasilatın pay bölgüsü sazişləri, habelə bu qəbildən olan müqavilələr üzrə fəaliyyət göstərən neft istehsalçılarının hasilat həcmlərinə proporsional qaydada bölüşdürülüb. 2018-ci ilin oktyabr ayında gündəlik neft hasilatının AÇG üzrə 567 min barel, “Azneft” İB üzrə 125 min barel, Birgə Müəssisələr və Əməliyyat Şirkətləri üzrə isə 26 min barel təşkil etdiyini nəzərə alaraq, hasilatın bu səviyyələrdən cari ilin may-iyun aylarında 23%, iyul-dekabr aylarında 18%, 2021-ci ilin yanvar-2022-ci ilin apreli dövründə isə 14% azaldılması nəzərdə tutulur. Eyni zamanda qeyd edilməlidir ki, bu rəqəmlər yuvarlaqlaşdırılıb, müxtəlif hasilat quyularından çıxan neftin ton/barel çevirmə əmsalları fərqlənir və kondensat həcmlərinin azaldılması öhdəliklərə daxil deyil.
Energetika naziri
Nazir onu da əlavə edib ki, Azərbaycanda hasilatın azaldılması ilə bağlı bu tədbirlərdə məqsəd həm də SOCAR və ölkəmizdə fəaliyyət göstərən digər neft istehsalçılarının, nəticədə dövlətin gəlirlərinin artırılmasına nail olmaqdır.
Qeyd edək ki, öhdəliklərə uyğun olaraq Azərbaycan gündəlik xam neft istehsalını cari ilin may-iyun aylarında 554 min barel, iyul-dekabr aylarında 587 min barel, 2021-2022-ci ilin aprelində 620 min barel həcmində saxlamalıdır.