Azərbaycan neft emalını 5 %-ə yaxın artırıb
- 10 sentyabr, 2024
- 08:43
Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 4,4 milyon tona yaxın neft emal edilib.
“Report” xəbər verir ki, bu barədə Energetika Nazirliyinin 2024-cü ilin 8 ayı üzrə açıqladığı operativ məlumatlarında deyilir.
Bu, 2023-cü ilin ilk 8 ayının göstəriciləri ilə müqayisədə Azərbaycanda neft emalı həcmləri 0,2 milyon ton və ya 4,8 % çoxdur.
Xatırladaq ki, ötən ilin yanvar-avqust ayları üzrə ölkədə neftin emalı 4,2 milyon ton təşkil edib.
Qeyd edək ki, SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodu (NEZ) regionumuzun yeganə neft emalı müəssisəsi olaraq, Azərbaycanı Ai-92, dizel və təyyarə yanacağı kimi yanacaq məhsulları ilə təmin etməklə yanaşı, SOCAR-ın Azərbaycandakı neft-kimya müəssisələrini də xammal ilə təchiz edir. Zavodda istehsal edilən məhsulun bir qismi isə ixrac olunur. NEZ-in istehsal gücünün artırılması, ölkənin "Avro-5" standartına uyğun olan yüksək keyfiyyətli yanacaqla təmin edilməsi, “Azərikimya” İB-nin sabit xammal təchizatı və neft məhsullarının ixrac potensialının yüksəldilməsi məqsədi ilə həyata keçirilən modernizasiya və yenidənqurma işləri ölkə sənayesi üçün mühüm əhəmiyyət daşıyır.