Azərbaycan neft bitumu ixracından qazancını açıqlayıb
- 18 sentyabr, 2023
- 06:51
Bu ilin yanvar-avqust aylarında Azərbaycan xarici ölkələrə 1 milyon 470,74 ton neft bitumu ixrac edib.
“Report”un Dövlət Gömrük Komitəsinə (DGK) istinadən verdiyi xəbərə görə, bu həcmdə neft bitumunun dəyəri 375,74 min ABŞ dolları təşkil edib.
Bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 60,1 dəfə, dəyər ifadəsində 67,3 dəfə azdır.
Qeyd edək ki, bu ilin yanvar-avqust aylarında Azərbaycan xarici ölkələrlə 35 milyard 505 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Ticarət dövriyyəsinin 24 milyard 355 milyon ABŞ dolları ixracın, 11 milyard 151 milyon ABŞ dolları isə idxalın payına düşüb.
Xatırladaq ki, SOCAR-ın Heydər Əliyev adına NEZ-i regionumuzun yeganə neft emalı müəssisəsi olaraq, Azərbaycanın Ai-92, dizel və təyyarə yanacağı kimi yanacaq məhsulları ilə təmin etməklə yanaşı, SOCAR-ın Azərbaycandakı neft-kimya müəssisələrini də xammal ilə təchiz edir. Zavodda istehsal edilən məhsulun bir qismi isə ixrac olunur. NEZ-in istehsal gücünün artırılması, ölkənin "Avro-5" standartına uyğun olan yüksək keyfiyyətli yanacaqla təmin edilməsi, “Azərikimya” İB-nin sabit xammal təchizatı və neft məhsullarının ixrac potensialının yüksəldilməsi məqsədi ilə həyata keçirilən modernizasiya və yenidənqurma işləri ölkə sənayesi üçün mühüm əhəmiyyət daşıyır.