Azərbaycan metanol ixracından qazancını açıqlayıb
- 16 noyabr, 2023
- 12:09
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan gömrük bəyannamələrinə əsasən, 394 min 788,57 ton metanol (metil spirti) ixrac edib.
“Report”un Dövlət Gömrük Komitəsinin statistikasına əsasən verdiyi xəbərə görə, bu həcmdə metanolun dəyəri 73 milyon 139,51 min ABŞ dolları təşkil edib.
Bu, 2022-ci ilin 10 ayı ilə müqayisədə həcm baxımından 3,5 %, dəyər baxımından 35,2 % azalıb.
Metanolun qeyri-neft sektoru üzrə ixracda payı 2,7 %, ilkin formalarda metanolun ölkənin ümumi ixracındakı payı 0,25 % olub.
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan xarici ölkələrlə 43 milyard 520 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 29 milyard 346 milyon ABŞ dolları ixracın, 14 milyard 174 milyon ABŞ dolları isə idxalın payına düşüb.
Qeyd edək ki, Metanol Bakının Qaradağ rayonundakı Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Metanol Zavodunda istehsal edilir. 2013-cü ildə istismara verilmiş zavod 2016-cı ildənn SOCAR-ın törəmə müəssisəsi - “SOCAR Methanol” MMC-nin idarəçiliyi altında fəaliyyət göstərir, 2017-ci ilin avqust ayından isə şirkətin mülkiyyətinə keçib. Müəssisə illik 650-700 min ton metanol istehsal etmək gücünə malikdir. İstehsalatda xammal olaraq təbii qaz və duzlaşdırılmış su istifadə olunur.