Azərbaycan Macarıstanla “yaşıl enerji dəhlizi” ilə elektrik enerjisinin tədarükünü müzakirə edib

Azərbaycan Macarıstanla “yaşıl enerji dəhlizi” ilə elektrik enerjisinin tədarükünü müzakirə edib Azərbaycan Macarıstanla neft-qaz layihələrində bu ölkənin şirkətləri ilə tərəfdaşlıq əlaqələrinin genişləndirilməsini, həmçinin “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” layihəsinin həyata keçirilməsindən irəli gələn məsələləri müzakirə edib.
Energetika
5 İyun , 2024 14:36
Azərbaycan Macarıstanla “yaşıl enerji dəhlizi” ilə elektrik enerjisinin tədarükünü müzakirə edib

Azərbaycan Macarıstanla neft-qaz layihələrində bu ölkənin şirkətləri ilə tərəfdaşlıq əlaqələrinin genişləndirilməsini, həmçinin “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” layihəsinin həyata keçirilməsindən irəli gələn məsələləri müzakirə edib.

“Report” xəbər verir ki, müzakirələr Bakı Enerji Forumu çərçivəsində energetika naziri Pərviz Şahbazovun Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto ilə keçirilən görüşdə aparılıb.

Görüşdə 4 ölkə arasında "yaşıl enerji"nin inkişafı və ötürülməsi üzrə nazirlərin sonuncu iclasının nəticələrindən və birgə müəssisənin yaradılması proseslərinin gedişatından məmnunluq ifadə edilib. Layihənin icrasının digər mühüm komponentləri üzrə növbəti addımlar razılaşdırılıb.

Bildirilir ki, Macarıstanla karbohidrogen və “yaşıl enerji” sahələrində əməkdaşlıq məsələlərinin müzakirəsi P. Şahbazovun Macarıstanın energetika naziri Csaba Lantos ilə görüşdə də davam etdirilib. Bu ölkənin qaza tələbatı və idxalın şaxələndirilməsi kontekstində Azərbaycan qazının Macarıstan bazarına çatdırılmasının əhəmiyyətindən bəhs olunub. Macarıstanın enerji şirkəti MOL və ən böyük təbii qaz topdansatış şirkəti olan “MVM CEEnergy Zrt.” ilə neft-qaz layihələrində əməkdaşlığın perspektivləri nəzərdən keçirilib. Həmçinin hər iki ölkədə bərpa olunan enerji kursu və Azərbaycandan Macarıstana “yaşıl enerji dəhlizi” vasitəsilə elektrik enerjisinin tədarükünə dair fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş” 17 dekabr 2022-ci ildə Buxarestdə imzalanıb. Hazırda “CESI” şirkəti “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” layihəsinin texniki-iqtisadi əsaslandırılmasını hazırlayır. Tərəflər birgə müəssisənin Rumıniyanın paytaxtı Buxarestdə təsis olunması barədə qərar verib. Birgə müəssisədə Bolqarıstanın da iştirakı gözlənilir.

Son xəbərlər

Orphus sistemi