Azərbaycan karbamid ixracını azaldıb
- 31 oktyabr, 2023
- 11:30
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan xarici ölkələrə 50,4 milyon ABŞ dolları dəyərində karbamid ixrac edib.
“Report”un məlumatına görə, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın oktyabr sayında bildirilir.
Bu, 2022-ci ilin 9 ayının göstəricisi ilə müqayisədə 113,1 milyon ABŞ dolları və ya 3,2 dəfə azdır.
Bu ilin sentyabr ayında isə Azərbaycan 8,6 milyon ABŞ dolları dəyərində karbamid ixrac edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 12,7 milyon ABŞ dolları və ya 2,5 dəfə azdır.
Qeyd edək ki, bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın ümumi ixracı 26,5 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə ixrac isə 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 10,6 % artaraq 2,4 milyard ABŞ dolları təşkil edib.
Xatırladaq ki, karbamid (azot gübrəsi) Sumqayıt Kimya Sənaye Parkının ərazisindəki “SOCAR Karbamid” zavodunda istehsal edilir. Zavod 2019-cu il yanvarın 16-da istifadəyə verilib, il ərzində 435 milyon kubmetr təbii qazdan xammal kimi istifadə etməklə 650-660 min ton karbamid istehsal etmək gücündədir. İstehsal həcminin 70 %-i ixrac üçün nəzərdə tutulub.