Azərbaycan İtaliyaya qaz ixracını artırıb

Energetika
  • 21 iyun, 2024
  • 07:00
Azərbaycan İtaliyaya qaz ixracını artırıb

Azərbaycan bu ilin yanvar-aprel aylarında İtaliyaya 3 milyard 070 milyon 730,4 min kubmetr qaz ixrac edib.

“Report” bu barədə Dövlət Statistika Komitəsinin məlumatına istinadən xəbər verir.

Bu dövrdə İtaliyaya tədarük edilən Azərbaycan qazının dəyəri 1 milyard 338 milyon 097,96 min ABŞ dolları təşkil edib.

Ötən ilin yanvar-aprel ayları ilə müqayisədə 2024-cü ilin hesabat dövründə İtaliyaya qaz nəqlinin həcmi kəmiyyət ifadəsində 27,9 % və ya 670 milyon 760 min kubmetr artıb. Dəyər ifadəsində ixracın həcmi 63 % və ya 2 milyard 281 milyon 508,94 min ABŞ dolları azalıb.

Ümumilikdə, 2024-cü ilin ilk dörd ayında Azərbaycan 2 milyard 758 milyon 782,82 min ABŞ dolları (49,1 % az) məbləğində 7 milyard 706 milyon 860,61 min kubmetr qaz (18,3 % az) ixrac edib.

Hesabat dövründə Azərbaycan qazının alış həcminə görə TOP 3 ölkələrə Türkiyə, İtaliya və Bolqarıstan daxildir. Eyni zamanda, İtaliya Azərbaycandan ixrac edilən qazın ümumi həcminin 39,8 %-ni təşkil etməklə, Türkiyədən sonra Azərbaycan qazının ikinci alıcısı olub.

Xatırladaq ki, 2023-cü ildə Azərbaycan İtaliyaya 8 milyard 052 milyon 416,09 min ABŞ dolları dəyərində 10 milyard 705 milyon 462 min kubmetr qaz ixrac edib.

Azərbaycan qazının Cənub Qaz Dəhlizinin seqmenti olan Trans-Adriatik Boru Kəməri (TAP) vasitəsilə Avropaya ixracına 2020-ci il dekabrın 31-dən başlanılıb. Bu günə qədər TAP-ın ötürücülük qabiliyyəti 12 milyard kubmetri ötüb. Bu göstərici 2027-ci ilin sonuna qədər isə 20 milyard kubmetrə çatdırılacaq.

Son xəbərlər

Bütün Xəbər Lenti