Azərbaycan İtaliyaya qaz ixracını 2 % azaldıb

Energetika
  • 31 avqust, 2023
  • 13:29
Azərbaycan İtaliyaya qaz ixracını 2 % azaldıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycan İtaliyaya 4 milyard 438 milyon 129,2 min kubmetr təbii qaz idxal edib.

Bu barədə “Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

İtaliyaya ixrac edilən təbii qazın dəyəri 5 milyard 306 milyon 507,59 min ABŞ dolları təşkil edib.

Bu, həcm baxımından 2022-ci ilin ilk yarımillik dövrü ilə müqayisədə 95 milyon 168,7 min kubmetr və ya 2,1 %, məbləğ baxımından isə 315,57 min ABŞ dolları və ya 0,005 % azdır.

Bu ilin 6 ayında gömrük bəyannamələrinə əsasən, Azərbaycan 8 milyard 29 milyon 188 min ABŞ dolları dəyərində 10 milyard 956 milyon 188 min kubmetr həcmində təbii qaz ixrac edib. İxrac edilən təbii qazın həcmi 2022-ci ilin eyni dövrü ilə müqayisədə 3,6 % az, dəyəri isə 8 % çoxdur.

Azərbaycanın ümumi ixracında təbii qazın payı 44,7 % olub.

Xatırladaq ki, Azərbaycan qazının Avropaya, xüsusilə də İtaliyaya tədarükü Cənub Qaz Dəhlizinin tərkib hissəsi olan Trans-Adriatik Boru Kəməri vasitəsilə 2020-ci ilin sonunda başlayıb. Hazırda kəmərin ötürücülük qabiliyyəti ildə 12 milyard kubmetr qaz təşkil edir və 2027-ci ilin sonunadək 20 milyard kubmetrə çatdırılması nəzərdə tutulub.

TAP-ın ümumi uzunluğu 878 km-dir ki, bunun da 550 km-i Yunanıstanın şimal hissəsindən, 215 km-i Albaniya ərazisindən, 105 km-i Adriatik dənizinin dibi ilə, 8 km-i isə İtaliya ərazisindən keçir.

TAP-ın səhmdarları Britaniyanın BP, Azərbaycanın Dövlət Neft Şirkəti (SOCAR), İtalyanın "Snam S.p.A.", Belçikanın "Fluxys" və İspaniyanın "Enagas" şirkətləridir və hər birisi 20 % paya malikdir.