Azərbaycan İsrailə neft satışını təxminən 8 % artırıb
- 18 oktyabr, 2023
- 12:06
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycandan İsrailə 1 milyon 995 min 823,22 ton xam neft ixrac edilib.
“Report”un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu miqdarda məhsulun dəyəri 1 milyard 206 milyon 977,64 min ABŞ dolları təşkil edib.
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycandan İsrailə ixrac olunmuş məhsulun miqdarı 2022-ci ilin ilk 9 ayının göstəriciləri ilə müqayisədə 7,44 % çox, dəyəri isə 10,73 % azdır.
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycandan İsrailə ixrac edilən xam neftin ümumi neft ixracında payı 10,04 % olub.
Xatırladaq ki, bu ilin yanvar-sentyabr aylarında Azərbaycan gömrük bəyannamələrinə əsasən, 19 milyon 876 min 255,40 ton həcmində bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac edib. Bu miqdarda məhsulun dəyəri 12 milyard 128 milyon 399,72 min ABŞ dolları təşkil edib.
Qeyd edək ki, bu ilin yanvar-sentyabr aylarında Azərbaycan xarici ölkələrlə 39 milyard 103 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. 9 aylıq xarici ticarət dövriyyəsinin 26 milyard 489 milyon ABŞ dolları ixracın, 12 milyard 614 milyon ABŞ dolları isə idxalın payına düşüb.