Azərbaycan I yarımildə ixrac etdiyi neft koksunun həcmini açıqlayıb
- 18 iyul, 2024
- 08:42
Bu ilin yanvar-iyun aylarında Azərbaycan gömrük bəyannamələrinə əsasən, 118 min 872 ton neft koksu ixrac edib.
“Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə neft koksunun dəyəri 10 milyon 172 min ABŞ dolları təşkil edib.
Bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 24,4 % və 4,5 dəfə azdır.
Neft koksunun ölkənin ümumi ixracında payı 0,1 % olub.
Bu ilin yanvar-iyun aylarında Azərbaycan xarici ölkələrlə 21 milyard 768,18 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 16,8 % azdır.
Xarici ticarət dövriyyəsinin 12 milyard 901 milyon ABŞ dolları ixracın, 8 milyard 867,2 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 28,2 % azalıb, idxal isə 8,2 % artıb.
Son nəticədə xarici ticarətdə 4 milyard 33,8 milyon ABŞ dollarlıq müsbət saldo yaranıb. Bu da illik müqayisədə 2,4 dəfə azdır.
Xatırladaq ki, SOCAR-ın Heydər Əliyev adına NEZ-i regionumuzun yeganə neft emalı müəssisəsi olaraq, Azərbaycanın Ai-92, dizel və təyyarə yanacağı kimi yanacaq məhsulları ilə təmin etməklə yanaşı, SOCAR-ın Azərbaycandakı neft-kimya müəssisələrini də xammal ilə təchiz edir. Zavodda istehsal edilən məhsulun bir qismi isə ixrac olunur. NEZ-in istehsal gücünün artırılması, ölkənin "Avro-5" standartına uyğun olan yüksək keyfiyyətli yanacaqla təmin edilməsi, “Azərikimya” İB-nin sabit xammal təchizatı və neft məhsullarının ixrac potensialının yüksəldilməsi məqsədi ilə həyata keçirilən modernizasiya və yenidənqurma işləri ölkə sənayesi üçün mühüm əhəmiyyət daşıyır.