Azərbaycan bu il polipropilen ixracını 67 % artırıb
- 18 sentyabr, 2023
- 07:29
Bu ilin yanvar-avqust aylarında Azərbaycan gömrük bəyannamələrinə əsasən, xarici ölkələrə 75 min 171,75 ton ilkin formalarda polipropilen ixrac edib.
“Report”un Dövlət Gömrük Komitəsinin statistikasına əsasən verdiyi xəbərə görə, bu həcmdə polipropilenin dəyəri 82 milyon 321,19 min ABŞ dolları təşkil edib.
Bu, 2022-ci ilin 8 ayı ilə müqayisədə həcm baxımından 66,9 %, dəyər ifadəsində isə 28 % çoxdur.
Bu ilin yanvar-avqust aylarında polipropilenin qeyri-neft sektoru üzrə ixracda payı 3,72 % olub. Hesabat dövründə ilkin formalarda polipropilenin ölkənin ümumi ixracındakı payı 0,34 % olub.
Qeyd edək ki, hesabat dövründə Azərbaycan xarici ölkələrlə 35 milyard 505 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Ticarət dövriyyəsinin 24 milyard 355 milyon ABŞ dolları ixracın, 11 milyard 151 milyon ABŞ dolları isə idxalın payına düşüb.
Xatırladaq ki, polipropilen "SOCAR Polymer"in illik istehsal gücü 184 min ton olan Polipropilen Zavodunda istehsal edilir. Polipropilen Zavodunun açılışı 2018-ci il iyulun 18-də Azərbaycan Prezidenti İlham Əliyev və İtaliya Prezidenti Sercio Mattarellanın iştirakı ilə olub. Həmin il oktyabrın 5-də polipropilenin ixracına başlanılıb.