Azərbaycan bu il Gürcüstanın əsas təbii qaz tədarükçüsü olub

Energetika
  • 25 noyabr, 2024
  • 12:29
Azərbaycan bu il Gürcüstanın əsas təbii qaz tədarükçüsü olub

Bu ilin yanvar-oktyabr aylarında Gürcüstan Azərbaycandan 181,84 milyon ABŞ dolları dəyərində 1 milyard 252 milyon kubmetr təbii qaz idxal edib.

“Report”un Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2023-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 27 %, kəmiyyət olaraq – 9 % azdır.

Beləliklə, Azərbaycan Gürcüstana təbii qaz ixrac edən ölkələr sırasında 1-ci yerdə qərarlaşıb.

Təkcə oktyabr ayında Gürcüstan Azərbaycandan 21,34 milyon ABŞ dolları dəyərində 143 milyon kubmetr təbii qaz alıb. Bu, bir il əvvəlki göstəricilərdən müvafiq olaraq 23 % və 11 % azdır.

Bu ilin 10 ayında Gürcüstan xarici ölkələrdən 304 milyon ABŞ dolları dəyərində 1 milyard 685 milyon kubmetr təbii qaz alıb ki, bu da bir il əvvəlki göstəricilərdən müvafiq olaraq 13 % və 4 % azdır. O cümlədən, Gürcüstana Rusiyadan 122 milyon ABŞ dolları dəyərində 433 milyon kubmetr, İrandan 75,31 min ABŞ dolları dəyərində 45,22 min kubmetr, Böyük Britaniyadan 24,35 min ABŞ dolları dəyərində 0,01 min kubmetr, Çindən 16,29 min ABŞ dolları dəyərində 8,19 min kubmetr təbii qaz tədarük edilib.

Xatırladaq ki, 2023-cü ildə Gürcüstan 445 milyon ABŞ dolları dəyərində 2,25 milyard kubmetr təbii qaz alıb ki, bunun da 313,5 milyon ABŞ dolları dəyərində 1,8 milyard kubmetri Azərbaycanın payına düşüb.