Azərbaycanda yerli bank sektorunun emissiyaların azaldılması layihələrinin icrası zamanı maliyyə resurslarına əlçatanlığın təmin olunması baxımından mühüm əhəmiyyət kəsb edir, bu sahədə məlumatlılığın artırılması və mümkün layihələrin icrasına dair birgə təkliflərin hazırlanması lazımdır.
“Report” Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) istinadən xəbər verir ki, bu barədə “Atlantik Şura"nın təşkilatçılığı və SOCAR-ın dəstəyi ilə “Dekarbonizasiya dinamikasının saxlanılması” mövzusunda keçirilən dəyirmi masada qeyd olunub.
Dəyirmi masada sənaye sektorunda dekarbonizasiya həllərinin inkişaf etdirilməsi üçün əsas amillərdən birinin maliyyə resurslarının cəlb edilməsi olduğu vurğulanıb.
Bununla bağlı “Neft və Qazın Dekarbonizasiyası Xartiyası” (OGDC) təşəbbüslərinin icrası istiqamətində dekarbonizasiya həlləri, bu sahəyə maliyyə resurslarının cəlb edilməsi yollarının araşdırılması, OGDC-ni imzalayan şirkətlərin öhdəliklərini dəstəkləmək üçün sektorlar arası tərəfdaşlıqların gücləndirilməsi və məlumatlılığın artırılması nəzərdə tutulur.
SOCAR, “ADNOC”, bp, “ExxonMobil”, “Petronas” kimi beynəlxalq enerji şirkətlərinin qatıldığı dəyirmi masada müxtəlif sahələr üzrə fəaliyyət göstərən şirkətlərin, o cümlədən “Baker Hughes”, “Honeywell”, “GE Vernova”, “Teneo”nın nümayəndələri, həmçinin Ətraf Mühitin Mühafizəsi Fondu, “Neft və Qazın Dekarbonizasiyası Xartiyası” (OGDC), Beynəlxalq Enerji Agentliyi, “Atlantik Şuranın Qlobal Enerji Mərkəzi”, Neft-Qaz İqlim Təşəbbüsü, “McKinsey”, “Kapital Bank”, “Pasha Bank”, “Bank of Baku”, “Access Bank” və “Azərbaycan Beynəlxalq Bankı”nın təmsilçiləri iştirak ediblər.